“Səhiyyənin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib

2023-04-07 / 15:16:45

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) birgə təşkilatçılığı ilə “7 Aprel - Ümumdünya Sağlamlıq Günü” münasibətilə “Səhiyyənin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

          Gigiyena və Epidemiologiya Mərkəzində həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Səhiyyə Nazirliyinin, onun tabeliyində olan tibb müəssisələrinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

          Tədbirdə Ombudsmanın köməkçisi Rəşid Talıbov və Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev giriş sözü ilə çıxış edərək ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması sahəsində ulu öndər Heydər Əliyevin xidmətləri, eləcə də əhalinin sağlamlığının qorunması və sağlamlıq hüququnun müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə danışıblar.

Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramovanın “Səhiyyənin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxışı dinlənilib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev şəxsiyyəti xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri olmaqla birlikdə həm də Azərbaycan səhiyyəsinin və tibb elmi sisteminin yaradıcısı və dinamik inkişafının tənzimləyicisi kimi yaddaşlara əbədi həkk olunub.

          Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri Faiq Səfərovun, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Elnur İbrahimovun və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçisi Məhsəti Allahyarovanın çıxışları dinlənilib.

          Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.