Milli səhiyyənin inkişafına hərtərəfli dövlət qayğısı muxtar respublikada da öz bariz ifadəsini tapır

2023-04-07 / 09:11:05

Bütün dünyada sağlamlıq günü kimi qeyd edilən “Ümumdünya Sağlamlıq Günü”nün yaradılmasından 75 il ötür. Hər il aprelin 7-də qeyd edilən “Ümumdünya Sağlamlıq Günü” dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltməyə bir imkandır. “Ümumdünya Sağlamlıq Günü” sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.

          Azərbaycanda digər sahələr kimi səhiyyənin inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycana rəhbərliyi dövründən başlayaraq Azərbaycanda səhiyyənin inkişafı sürətlənməyə başlamış, səhiyyənin əsaslı inkişafına səbəb olan islahatlar həyata keçirilmiş, müstəqillik illərində müasir xəstəxana binaları tikilərək istifadəyə verilmiş, bu sahənin qanunvericilik bazası təkmilləşdirilib, müasir səhiyyə infrastrukturu yaradılmışdır.

Ümummilli liderin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev səhiyyənin inkişafına xüsusi diqqət yetirir. Əhalinin sağlamlığının qorunması dövlətin əsas prioritet sahələrindən biridir. Məhz bu səbəbdən bu gün səhiyyənin inkişafı diqqətdə saxlanılır, bu sahə dövlət qayğısı ilə yüksək səviyyədə təmin olunur. Səhiyyə sisteminin yenidən qurulması, infrastrukturunun yenilənməsi, səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, kadr hazırlığı, yoluxucu xəstəliklərin profilaktikası və əks-epidemik tədbirlərin aparılması daima diqqət mərkəzində saxlanılır, insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görülür. Dövlətin qayğısından böyük pay aldığı səhiyyənin inkişafı Naxçıvan Muxtar Respublikasında da dinamik xətdədir. Hazırda muxtar respublikada əhaliyə 719 həkim və 2 min 205 orta tibb işçisinin çalışdığı 215 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Hər il quruculuq tədbirləri sırasında muxtar respublikanın bir neçə tibb müəssisəsi yenilənərək əhalinin istifadəsinə verilir. 2023-cü ilin ötən dövrü ərzində də Şərur Rayon Vərməziyar Kənd Feldşer Mama Məntəqəsi, Babək Rayon Vayxır Kənd Həkim Ambulatoriyası, Ordubad Rayon Xanağa Kənd Feldşer Mama Məntəqəsi, Şərur Rayon Axura Kənd Həkim Ambulatoriyası, Həmzəli Kənd Feldşer Mama Məntəqəsi və Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin MRT binası ən müasir tibbi avadanlıq və maddi-texniki baza ilə təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir.

          Hazırda səhiyyə müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır, təcili yardım, elektrokardioqrafiya, exokardioqrafiya, EKQ-tredmil, rentgen, çoxprofilli diaqnostika, hemodializ, cərrahiyyə, kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə insan orqanizminin hərtərəfli müayinəsi mümkündür. Müasir tibbi avadanlıqlarla təminat Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsinə, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələrin aparılmasına, həmçinin ehtiyac olan dərman preparatları ilə ödənişsiz təmin edilməsinə, əlilliyin təyin olunması üçün lazımi tibbi sənədlərin hazırlanması və digər xidmətlərin təmin edilməsinə imkan verir.

          Əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi hər bir vətəndaş üçün mühüm əhəmiyyət daşıyır. Tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə muxtar respublika əhəmiyyətli xəstəxanalar, rayon mərkəzi xəstəxanaları, qəsəbə və kənd sahə xəstəxanalarının hamısı publik hüquqi şəxs statusu alıb, burada işçilərin əməkhaqları 50 faiz artırılıb. Həmçinin publik hüquqi şəxs statusu almış tibb müəssisələrində əhaliyə göstərilən ödənişli xidmətlərdən 30 faizə qədər tibbi personala əlavə haqqın verilməsi də əhalinin sağlamlığına xidmət edənlərə göstərilən qayğının bariz nümunəsidir. 

          Muxtar respublikanın səhiyyə müəssisələrində hər ay minlərlə insan ambulator və stasionar müalicə olunur. Yerli kadrlar tərəfindən müstəqil şəkildə bir çox mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılmasına nail olunub. Mövcud kadrların ixtisaslarını artırmaq üçün müxtəlif həkim briqadaları Naxçıvana dəvət edilmiş və yerli kadrlarla birgə müayinə və müalicələrin aparılmasında iştirakı ardıcıl təmin olunmuşdur.

          Səhiyyə müəssisələri tərəfindən Dölət Proqramları ilə əhatə olunmuş xəstələrə müayinə, müalicə və dərman təchizatı sahəsində keyfiyyətli xidmət göstərilməsi işi də daim nəzarətdə saxlanılır. Bu gün muxtar respublikada yaşayan xroniki böyrək çatışmazlığı ilə hemodializ seansı alan, dağınıq skleroz, hemofiliyalı, talassemiyalı xəstə və imtiyazlı qrup xəstələr daima yüksək qayğı ilə əhatə olunaraq vaxtlı-vaxtında dərman preparatları və tibbi xidmətlərlə təmin edilirlər. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşmışdır.

          Səhiyyə müəssisələrində tibbi kadrlara olan tələbatın ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində, Tibb Kollecində ixtisasların sayının artırılması, tələbələrin tibb müəssisələrinə hamiliyə verilməsi, xarici ölkələrdə təlimlərin təşkili, konfransların, seminarların keçirilməsi, ixtisasartırma kurslarının təşkili səhiyyə müəssisələrində ixtisaslı tibbi kadrlarla təminata imkan verir.

          Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin tələbələri müxtəlif ixtisaslar üzrə tibb müəssisələrində istehsalat təcrübəsinə göndərilir və ya tibb müəssisələrinə hamiliyə verilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahan nəticələrinə əsasən müxtəlif ixtisaslar üzrə  həkim və orta tibb işçiləri tibb müəsisələrində vakand vəzifələr üzrə işlə təmin olunurlar.

          İnsan sağlamlığının təmin olunması üçün yorulmadan çalışan səhiyyə işçiləri daim dövlət qayğısı ilə əhatə olunur, əməkləri qiymətləndirilir, fəxri adlara layiq görülürlər. Təkcə ötən il ərzində 2 həkim Azərbaycan Respublikasının “Tərəqqi” medalına, 1 həkim Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim”i adına, 1 tibb bacısı isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar tibb işçisi” fəxri adına layiq görülmüş, 1 orta tibb işçisi Azərbaycan Respublikasının “Əməkdar orta tibb işçisi”, 1 həkim və 1 orta tibb işçisi səhiyyə əlaçısı döş nişanı, 1 həkim və 1 orta tibb işçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

          Muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi gigiyena və epidemiologiya tədbirlərinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin fəaliyyəti təmin edilib, yeni binalar istifadəyə verilib, avadanlıqlar alınıb, müasir laboratoriyalar qurulub, ştat strukturu təsdiq edilib.

          Səhiyyə turizmi də daim diqqətdə saxlanılır. Duzdağ Fizioterapiya Mərkəzində və Darıdağ Arsenli Su Müalicəxanasında hər il ölkə və bir çox xarici ölkə vətəndaşları müalicə olunurlar. Azərbaycanın rayonlarından sağlamlıq imkanları məhdud şəxslər sanator müalicə alması üçün həmin müəssisələrə göndərilir.

          Məlumdur ki, 2023-cü il Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin yüz illiyi münasibətilə “Heydər Əliyev ili” elan olunub. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bütün tibb müəssisələri tərəfindən silsilə tədbirlər keçirilir. Nazirliyin təsdiq etdiyi qrafik əsasında təşkil edilən aksiyalarda şəhər və rayon xəstəxanalarının birgə həkim briqadaları mərkəzdə, eləcə də yaxın və ucqar kəndlərdə vətəndaşlara tibbi xidmətlər göstərir müayinələr edirlər. Təkcə mart ayı ərzində “Heydər Əliyev ili” tədbirləri çərçivəsində 21 tibbi aksiya keçirilib. İl ərzində bu cür aksiyaların keçirilməsi davam etdiriləcəkdir.

          Muxtar respublikada aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti