Naxçıvan şəhərində 598 uşaq dispanser qeydiyyata götürülüb

2023-04-05 / 15:35:33

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən muxtar respublikanın tibb müəssisələrinin həkim briqaları tərəfindən ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələsində aşkar edilməsi məqsədilə uşaqların icbari dispanserizasiyasına başlanılıb.

Növbəti dispanser qeydiyyatlar Naxçıvan şəhərində aparılıb. Belə ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanası publik hüquqi şəxsin həkim briqadası aprelin 4-də Naxçıvan şəhər 1 nömrəli, aprelin 5-də isə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb və Naxçıvan Qızlar Liseyində şagirdləri müxtəlif müayiələrdən keçiriblər.

Pediatr, nevropatoloq, oftalmoloq, cərrah, otorinalarinqoloq, endokrinoloq, stomatoloq və digər ixtisaslı mütəxəssislərin cəlb edildiyi həkim briqadası tərəfindən 3 məktəb üzrə ümumilikdə 981 şagirdin iştirak etdiyi müayinələr zamanı 40 nevroloji, 169 göz, 87 lor, 17 uroloji, 212 stomatoloji, 52 cərrahi və 21 pediatrik olmaqla, 598 şagird dispanser qeydiyyata alınmışdır.

Tibbi müayinələr zamanı uşaqlarda aşkar olunan xəstəliklər və yaxud sağlamlığın pozulması riski müəyyən edilərək dispanser qeydiyyata götürülən şagirdlər müalicə-sağlamlaşdırıcı tədbirlərə cəlb olunublar.

Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanası publik hüquqi şəxsin həkim heyəti tərəfindən qrafikə uyğun olaraq digər məktəblərdə də dispanserizasiya işlərinin aparılması davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti