Muxtar respblikada uşaq əhalisinin kütləvi dövri tibbi müayinələrdən keçirilməsinə start verilib

2023-04-04 / 14:28:14

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Muxtar respublikada da uşaqların dövlət qayğısı ilə əhatə olunması, uşaq tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi ləvazimatlarla təchiz edilməsi, tibbi kadrların peşə səviyyəsinin artırılması uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan yaratmışdır.  Məlumdur ki, bir çox xəstəliklər uşaq yaşlarından başlayır. Məhz bu xəstəliklərin vaxtında aşkar edilməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.

Bu sahədə mühüm tədbirlər görülmüş, qəbul edilmiş Dövlət Proqramları uşaqlar arasında xəstələnmənin, habelə sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına yönəldilmiş, uşaqların icbari dispanseriyzasiyasını həyata keçirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, kadrların təkmilləşdirilməsini və əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını zəruri etmişdir.

Uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sonrakı müşahidəsi vasitəsilə onlar arasında xəstələnmə, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktikasının gücləndirilməsi məqsədilə hər il muxtar respublikada uşaqlar dispanserizasiyadan keçirilir.

 2023-cü ildə də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin “Naxçıvan Muxtar Respublikasında yaşayan uşaq əhalisinin kütləvi dövri müayinələrinin aparılmasının təmin edilməsi haqqında” əmrinə uyğun olaraq aprel ayından başlayaraq muxtar respublikada uşaq əhalisinin kütləvi dövri tibbi müayinələrdən keçirilməsinə start verilib.

Bu məqsədlə aprelin 4-də Şərur Rayon Uşaq Xəstəxanasının pediatr, cərrah-travmotoloq, otolarinqoloq, nevropatoloq, oftalmoloq, stomatoloq və ginekoloq ixtisaslı həkimləri  tərəfindən rayon 2 nömrəli tam orta məktəbinin şagirdləri arasında müayinələr aparılıb. 1060 şagirdin iştirak etdiyi müayinələr zamanı hər hansı xəstəlik aşkar olunan şagirdlər dispanser qeydiyyata götürülərək daha dərindən müayinə və müalicə olunmaları üçün Şərur Rayon Uşaq Xəstəxanasına yönləndirilib.

Qeyd edək ki, qrafikə uyğun olaraq mərhələli şəkildə mayın 20-dək rayon kənd məktəblərində də müayinələr davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti