Babək və Sədərək rayonlarında “24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü”nə həsr olunmuş tibbi aksiya və seminar keçirilib

2023-03-16 / 15:55:09

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri publik hüquqi şəxsin həkim heyəti martın 15-də Babək Rayon Mərkəzi Xəstəxanasında “24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü”nə həsr olunmuş seminar keçirib.

Babək rayon Mərkəzi Xəstəxanası PHŞ-nin baş həkimi Asiman Yusifov seminarı giriş sözü ilə açdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri publik hüquqi şəxsin baş həkimi Günay Quliyeva “Vərəm xəstəliyinin profilaktikası”, Dispanserin həkim-ftiziatrı İlqar Rzayev “Uşaqlarda vərəm intoksikasiyası”, həkim-ftiziatr Məmmədəli Ələkbərov isə “Vərəm xəstəliyinin aşkarlanması strategiyası” mövzusunda çıxışlar ediblər.

Martın 16-da isə Ağciyər Xəstəlikləri Dispanseri publik hüquqi şəxsin həkim briqadası tərəfindən Sədərək rayonunda “24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü”nə həsr olunmuş tibbi aksiya və seminar keçirilib. Tibbi aksiyada flüoroqrafik müayinədən keçirilən 65 rayon sakinindən 20-si həkim ftiziatr müayinəsindən, 10-u həkim-ftiziatr-pediatr müayinəsindən keçirilib. Müayinədən keçənlərdən 5-nə mantu sınağı qoyulub, 2-nin isə bəlğəm analizi götürülüb. Müayinələrdən keçirilmiş dispanser qeydiyyatda olan 10 xəstədən 4-ü isə lazımi dərman preparatları ilə təmin olunub. Aksiya zamanı həmçinin ixtisaslı həkimlər tərəfindən rayon əhalisi ilə profilaktik söhbətlər də aparılıb.

Eyni gündə tibbi aksiya bitdikdən sonra Sədərək Rayon Mərkəzi Xəstəxanasında seminar keçirilib. Seminarda Naxçıvan Muxtar Respublika Ağciyər Xəstəlikləri Dispanseri publik hüquqi şəxsin həkimləri iştirak edib. Seminarı giriş sözü ilə Sədərək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş həkimi Kəmalə İbrahimova açıb. Sonra Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva “Vərəm xəstəliyinin yayılma yolları”, Dispanserin həkim-ftizatrı İlqar Rzayev “Uşaqlarda vərəm xəstəliyi”, həkim-ftiziatr Məmmədəli Ələkbərov isə “Vərəm xəstəliyinin aşkarlanması” mözusunda çıxışlar ediblər. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti