Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür

2023-03-03 / 15:48:02

Hər il martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü qeyd edilir.

Bu gün 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ictimaiyyətin diqqətini qulaq və eşitmə orqanlarının fəaliyyətindən əziyyət çəkənlərin problemlərinə yönəltmək məqsədilə təsis edilib. Həmin günün seçilməsi də məhz simvolik xarakter daşıyır. Məsələ burasındadır ki, 3 rəqəminin yazılışı da insan qulağının formasına bənzəyir.

Yaşadığımız dünya müxtəlif və rəngarəng səslərlə doludur. Onların arasında həzz gətirəni, sakitlik bəxş edəni də, sevinc hissi oyadanı, həyəcan yaradanı da var. Təəssüf ki, heç də hamı səslərin müxtəlifliyini eşidə bilmir. Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensorial forması hesab edilir. Hazırda eşitmə itkisi dünyada ən çox rast gəlinən sensor qüsur hesab olunur. ÜST-nin məlumatına görə, 2050-ci ilə qədər dünyada təxminən 2,5 milyard nəfər, yəni hər dörd nəfərdən biri müəyyən dərəcədə eşitmə itkisindən əziyyət çəkə bilər.

Karlıq və pis eşitmənin əsas səbəbi genetik faktor, qulağın xroniki infeksiyaları, bir sıra xəstəliklər - məxmərək, qızılca, yoluxucu parotit, meningit, həmçinin bəzi dərman preparatlarının və ətraf mühitin zərərli amillərinin təsiri, ilk növbədə, gur səslənmədir. Həkimlərin rəyinə əsasən həmin səbəblərdən baş verən karlıq və piseşitmə hallarının yarısını aradan qaldırmaq mümkündür. Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığının qorunması və əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.

1841-ci ildə alman həkimi Hofman qulaq-burun-boğaz boşluqlarını müayinə etmək üçün güzgüdən istifadə edib. Az sonra həkimlər başa bərkidilmiş çökük güzgüdən istifadə etməyə başlayıblar və ona reflektor adı verilib.

Ümumdünya Səhiyyə Təşkilatının apardığı qiymətləndirməyə görə, dünyada 1,1 milyard gənc təhlükəli dinləmə vərdişinə görə eşitmənin itirilməsi ilə əlaqədar risk daşıyırlar. 12-35 yaşlı 43 milyondan çox insan müxtəlif səbəblərdən dinləmə təhlükəsi ilə əlaqədar əlil olmaq riski daşıyır. Ona görə də təşkilat gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq olmağa və dövlətləri həmin problemin qarşısını almaq üçün diqqətli olmağa çağırır.