Əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər 2022-ci ildə də yüksək səviyyədə davam etdirilmişdir

2023-02-15 / 15:44:31

Əhalinin sağlamlığının qorunması dövlətin əsas prioritet sahələrindən biridir. Məhz bu səbəbdən 2022-ci ildə də səhiyyənin inkişafı diqqətdə saxlanılmış, bu sahə dövlət qayğısı ilə yüksək səviyyədə təmin olunmuşdur. Səhiyyə sisteminin yenidən qurulması, infrastrukturunun yenilənməsi, səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, kadr hazırlığı, yoluxucu xəstəliklərin profilaktikası və əks-epidemik tədbirlərin aparılması daima diqqət mərkəzində saxlanılmış, insanların sağlamlığının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görülmüşdür. Ötən illərdə olduğu kimi 2022-ci ildə də quruculuq işlərinin aparılması diqqətdə saxlanımış, Şərur Rayon Çərçiboğan Kənd Həkim Ambulatoriyası, Ordubad Rayon Pəzməri və Unus, Kələki FMM tikilərək və ya əsaslı bərpa olunaraq ən müasir tibbi avadanlıq və maddi-texniki baza ilə təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir.

          Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya, dezinseksiya, larviolla delarvasiya tədbirləri intensiv olaraq davam etdirilmiş, hepatit B və C virus infeksiyaları, COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə əks-epidemik tədbirlər ardıcıllıqla davam etdirilmişdir. Nigaha girənlərin öncədən tibbi müayinələrdən keçirilməsi, Hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinələr davam etdirilmişdir. Elə görülən bu işlərin nəticəsidir ki, muxtar respublikada kəskin və təhlükəli yoluxucu xəstəliklər aşkar edilməmiş, yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olmuş, zoonoz və xüsusi təhlükəli infeksiyalar qeydə alınmamışdır. Peyvəndləmə işi daima nəzarətdə saxlanılmış, muxtar respublikanın bütün peyvənd məntəqələri vaksin və şprislərlə tam təhciz edilmiş, yenidoğulmuşların peyvənd təqviminə uyğun immunlaşmaya cəlb olunma səviyyəsi 97 % olmuşdur.

Muxtar respublikada zoonoz və digər infeksiyaların qarşısının alınması məqsədilə profilaktik olaraq ictimai, inzibati və təsərrüfat obyektləri, su təchizatı qurğuları və digər obyektlər olmaqla, ümumilikdə, 9816039 m2 sahədə dezinfeksiya, 558332 m2 sahədə dezinseksiya işləri aparılmışdır. Şərur rayonunda 943,6 ha sahədə, Babək rayonunda 48 ha sahədə, Sədərək rayonunda 1 ha sahədə delarvasiya işləri aparılmışdır.

Səhiyyə müəssisələrində tibbi kadrlara olan tələbatın ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Naxçıvan Dövlət Universitenin tibb fakültəsində, Tibb Kollecində ixtisasların sayının artırılması, tələbələrin tibb müəssisələrinə hamiliyə verilməsi, xarici ölkələrdə təlimlərin təşkili, konfransların, seminarların keçirilməsi, ixtisasartırma kurslarının təşkili səhiyyə müəssisələrində ixtisaslı tibbi kadrlarla təminata imkan verir.

İl ərzində muxtar respublikanın səhiyyə müəssisələrində kadrların bilik və bacarıqlarının artırılması məqsədilə 2 həkim, Almaniyaya, 35 həkim, 1 rezident, 1 orta tibb işçisi Türkiyə Respublikasına, Naxçıvan Tibb Kollecinin 1 müəllim, 10 tələbə heyəti Ankara şəhərinə təcrübə keçməsi üçün, 29 həkim, 2 orta tibb işçisi Bakı şəhərinə təkmilləşmə kursu, 17 həkim, 15 həkim rezident və 246 orta tibb işçisi Naxçıvan şəhərində iş yerində təcrübə keçməsi üçün göndərilmişdir. Həmçinin 68 məktəb tibb bacısı, 26 tibbi statist, 10 mama Naxçıvan Tibb Kollecində nəzəri və praktik kurs keşmiş, 42 süni tənəffüs aparatı ilə işləyən tibb işçilərinə 2 həkim anestezioloq-reanimatoloq və süni tənəffüs aparatı üzrə Ordubad, Culfa, Şərur Rayon Mərkəzi Xəstəxanaları publik hüquqi şəxslərində “Süni tənəffüs aparatları və reanimasiya tədbirləri” mövzusunda praktik məsğələ keşirilmişdir.

Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin əczaçılıq üzrə 29 tələbəsi əczaxanalarda və digər ixtisaslardan, 265 tələbəsi tibb müəssisələrində istehsalat təcrübəsinə göndərilmiş, Universitetin Tibb Fakültəsinin 252 tələbəsi və Tibb Kollecinin 613 tələbəsi isə tibb müəssisələrinə hamiliyə verilmişdir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahan nəticələrinə əsasən müxtəlif ixtisaslar üzrə 20 həkim və 11 orta tibb işçisi tibb müəsisələrində işlə təmin olunmuşdur. 3 həkim və 7 orta tibb işçisinə II ixtisas dərəcəsi verilmişdir.

2 həkim Azərbaycan Respublikasının “Tərəqqi” medalına, 1 həkim Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim”i adına, 1 tibb bacısı isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar tibb işçisi” fəxri adına layiq görülmüş, 1 orta tibb işçisi Azərbaycan Respublikasının “Əməkdar orta tibb işçisi”, 1 həkim və 1 orta tibb işçisi səhiyyə əlaçısı döş nişanı, 1 həkim və 1 orta tibb işçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

Kadr islahatlarının aparılması istiqamətində görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 825 vakant vəzifə müsabiqəyə çıxarılmış, 32-si həkim, 46-sı orta tibb işçisi olmaqla 78 namizəd işlə təmin olunmuşdur. Həmçinin hesabat ilindətibb işçilərinin sertifikasiyası aparılmış, sertifikasiya imtahanına cəlb olunan 1867 tibb işçisindən (283 həkim, 1584 orta tibb işçisi) 1640-ı (205 həkim, 1435 orta tibb işçisi) sertifikasiya imtahanından müvafiq keçid balını toplayaraq müsabiqədən keçmişdir.

Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində hər ay minlərlə insan ambulator və stasionar müalicə olunur. Yerli kadrlar tərəfindən müstəqil şəkildə bir çox mürəkkəb cərrahiyyə əməliyyatların aparılmasına nail olunub. Mövcud kadrların ixtisaslarını artırmaq üçün müxtəlif həkim briqadaları Naxçıvana dəvət edilmiş və yerli kadrlarla birgə müayinə və müalicələrin aparılmasında iştirakı ardıcıl təmin olunmuşdur.

Səhiyyə müəssisələri tərəfindən Dölət Proqramları ilə əhatə olunmuş xəstələrə müayinə, müalicə və dərman təchizatı sahəsində keyfiyyətli xidmət göstərilməsi işi də daim nəzarətdə saxlanılır. Bu gün muxtar respublikada yaşayan 124 xroniki böyrək çatışmazlığı ilə hemodializ seansı alan xəstə, 58 dağınıq skleroz, 6 qaraciyər köçürülən, 30 böyrək köçürülmüş, 70 hemofiliya, 38 talassemiyalı xəstə və imtiyazlı qrup xəstələr daima yüksək qayğı ilə əhatə olunara vaxtlı-vaxtında dərman preparatları və tibbi xidmətlərlə təmin edilirlər. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşmışdır.

Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün respublika əhəmiyyətli xəstəxanalar, rayon mərkəzi xəstəxanaları, qəsəbə və kənd sahə xəstəxanalarının hamısı publik hüquqi şəxs statusu almışdır. İcbari tibbi sığortada iştirak edən işçilərin əmək haqları 50% artırılmaqla yanaşı ödənişli xidmətlərə görə qazanılan vəsaitin  30%-dən işçilərə həvəsləndirici əlavələr verilir. Ötən il ərzində muxtar respublikanın tibb müəssisələrinin ambulatoriya bölmələrinə 769971 gəliş olmuşdur ki, bunun da 682444-ü sığortalı xəstələr olmuşdur.

Həyata keçirilən tədbirlər sırasında müxtəlif tipli aksiyaların təşkil edilməsi də diqqətdə saxlanılmış, il ərzində hümanitar aksiyalar, yardımlar təşkil edilmişdir. Belə ki, hesabat dövründə muxtar respublikada fəaliyyət göstərən tibb müəssisələrinin və muxtar respublikaya gələn ölkə və beynəlxalq səviyyəli yüksək ixtisaslı həkim heyətinin iştirakı ilə müxtəlif kateqoriyadan olan şəxslərə ümumilikdə 26568 müayinə və müalicə, sünnət, göz, ginekoloji, kiçik cərrahi əməliyyat icra olunmuş, təhsil müəssisələrində şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortaped tərəfindən kütləvi müayinəsi nəticəsində 51635 uşaqdan 42807 uşaqda müayinə aparılmış, 5408 nəfər dispanser qeydiyyata alınmışdır.

Strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Hesabat ili ərzində qanvermə aksiyaları təşkil edilərək 214 donordan 107 litr, Aşura günü ilə əlaqədar ənənəvi keçirilən qanvermə aksiyasında isə Respublika xəstəxanası, Diaqnostika Müalicə Mərkəzi və rayon mərkəzi xəstəxanalarında bütövlükdə 590 nəfərdən 293,5 litr qan tədarük edilmişdir.

Məktəbəqədər müəssisələrdə, məktəblərdə, ictimai iaşə, su təchizatı qurğuları və digər obyektlərdə sanitar gigiyenik vəziyyətə nəzarət yoxlamaları davam etdirilib. Muxtar Respublika məktəblərində 1-6-cı sinif şagirdlərindən olan 19087 uşaqdan 16718 uşağa tuberkulin sınağı aparılmış, 16380 uşaqda mənfi, 278 uşaqda şübhəli, 57 uşaqda müsbət, 3 uşaqda hiperergik reaksiya aşkar edilmişdir. Şübhəli olanlar ətraflı müayinə üçün Ağciyər Xəstəlikləri Dispanserinə dəvət edilmişdir.

Təcili Tibb Mərkəzi və Mərkəzi Rayon Xəstəxanaların təcili yardım şöbələri tərəfindən 34556 çağırış yerinə yetirilmişdir.

Müalicə profilaktika işinin təşkili sahəsində görülən tədbirlər tibbi xidmət keyfiyyətinin və əhatəliliyinin artmasına və eləcə də demoqrafik vəziyyətə müsbət təsir göstərmişdir. Belə ki, 2022-ci ildə 4534 uşaq doğulmuş, 2340 ölüm halları qeydə alınmış, təbii artım 2194 nəfər, doğum göstəricisi 9, ölüm göstəricisi 4,9, 1 yaşa qədər uşaq ölümü 2,2 promilli təşkil etmişdir.

         Muxtar respublikada hesabat ili ərzində “Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar”, “24 mart-Beynəlxalq Vərəmlə Mübarizə Günü” ilə əlaqədar, “Neonatologiyanın aktual problemləri” mövzusunda Beynəlxalq, “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik, “Tibbin aktual problemləri”, “Atipik antipsixotiklərin depressiv və yuxu pozuntularında istifadəsi, arterial hipertenziyanın müalicəsinə müasir yanaşmalar, sidik saxlamazlıq səbəbləri və müalicəsi” konfransları, “15 iyun Milli Qurtuluş Günü”nə həsr edilmiş Azərbaycan kardioloqlarının növbəti regional konfransı, “Nadir irsi metabolik xəstəliklər – 1-ci tip irsi Tirozinemiya” mövzusunda seminar, “Oftalmologiyada yeniliklər” mövzusunda X Regional Konfrans keçirilmişdir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən “Sinir sistemi xəstəlikləri zamanı təxirəsalınmaz vəziyyətlər” mövzusunda onlayn təkmilləşdirmə kursunda həkim-nevropatoloq, anestezioloq-reanimatoloqlar, təcili tibbi yardım həkimləri, qəbul həkimləri və neonatoloqlar olmaqla ümumilikdə 66 nəfər iştirak etmişdir.

Hər il olduğu kimi 2022-ci ildə də Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası muxtar respublikanın ümumi turizm potensialının mühüm bir hissəsini təşkil etmiş, Duzdağ Fizioterapiya Mərkəzində ölkəmizin və bir çox xarici ölkələrin vətəndaşları müalicə olunuraq şəfa tapmışlar.

         Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini 2022-ci ildə yüksək səviyyədə də davam etdirmiş, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti