Hər sahədə olduğu kimi səhiyyə sahəsində də qardaşlarımızın yanındayıq

2023-02-10 / 15:40:35

Bir neçə gün əvvəl qardaş Türkiyə Respublikası tarixinin ən böyük təbii fəlakəti ilə üz-üzə gəldi. Qonşu ölkədə baş verən zəlzələnin nəticələri hamımızı dərindən sarsıtdı. Həmin gecədən bizim xalqımız da qardaş xalqa bərabər yaranan çətinliyin aradan qaldırılması üçün səy göstərməyə başladı. Dövlət başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın göstərişlərinə əsasən qardaş ölkəyə yüksək səviyyədə yardım edilir. Axtarış və xilasetmə qrupları, tibbi personal və səhra xəstəxanası ilə yanaşı maddi yardım və xalqın dəstəyi ilə Azərbaycanın bütün bölgələrindən zəlzələ baş verən rayonlarda yaşayan insanlara isti geyim və lazımı əşyalar göndərilib. Bundan başqa ölkə başçısı tərəfindən respublika ərazisində yerləşən bütün xəstəxanalara qardaş ölkədən gətirilə biləcək yaralıları qəbul etmək üçün hazır olmaq göstərişi verilib. Muxtar respublikamız qardaş ölkəyə sərhəddə yerləşdiyi üçün ona ən yaxın olan iki rayon Sədərək və Şərur rayon mərkəzi xəstəxanaları, eləcə də Naxçıvan şəhərində və digər rayonlarımızda yerləşən xəstəxanalar tam hazır vəziyyətə gətirilib. Müasir tibbi avadanlıqlara və mütəxəssis həkim heyətinə malik olan xəstəxanalarımız qardaş ölkənin vətəndaşlarına hər cür tibbi yardımı göstərməyə hazırdır. Biz də Naxçıvan şəhərində yerləşən tibb ocaqlarında olub tibb işçiləri ilə həmsöhbət olduq.

Muxtar respublikanın ən böyük xəstəxanalarından biri olan Naxçıvan Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırovla söhbətimizdə bildirdi ki, xəstəxana 600 nəfərlik personalı ilə tam hazır vəziyyətdə gətirilib. Qardaş ölkədən gətiriləcək yaralılara hər cür tibbi yardımı göstərməyə hazırlıq görülüb. Bütün şöbələr öz personalı ilə dost ölkədə baş verən təbii fəlakət nəticəsində sağlamlıqlarını itirənlərə əlindən gələni etməyə hazırdır. Artıq iki gündür ki, kollektiv yardım aksiyasına da qoşulub. Tibbi ləvazimatlar, maddi yardım, isti geyim və digər ləvazimatlar qardaş ölkəyə yola salınmaq üçün Baş Konsulluğa təhvil verilib. Bununla, yanaşı bütün həkim kollektivi tibbi yardım göstərmək üçün Türkiyə respublikasına getmək üçün müraciət edib. Onlar xəstələrin burada müalicəsinə kömək etməklə yanaşı, qardaş ölkəyə də getməyə hazırdır. Səhiyyə işçilərimizi bunu peşə vəzifəsindən də çox qardaşlıq borcu hesab edir. Hər bir azərbaycanlı kimi bu müəddəs peçə sahibləri də ölkə başçısının əmrini sadiq əsgər kimi gözləyirik.

Xəstəxananın qəbul şöbəsinin müdiri Ramidə Bağırova ilə söhbətimizdə o dedi:

– Fevralın 6-da səhər saatlarında can qardaşımız Türkiyədə baş verən zəlzələnin fəsadları hamımızı dərindən sarsıtdı. Özümüzü onların yerində hiss etdik. Qardaş və bacılarımızın, körpələrin, qocaların çöküntülər altında qalması hamımızı dərindən sarsdı. Həm həkim, həm də ana kimi əlimizdən gələndən də artığını etməyə hazırıq. Mən də digər həmkarlarım kimi Türkiyə Respublikasına göndərilmək üçün müraciət etmişəm. Ulu Tanrının və qardaşlığımızın köməyi ilə bu çətin günlərdən də dəyanətlə çıxacağımıza inanırıq.

Həkim orteped-travmatoloq Həbib Hüseynovla da həmsöhbət olduq. O dedi:

– Türkiyə dövləti ilə biz bir can kimiyik. Onların acısı bizim də acımızdır. Qardaşlarımıza kömək etmək bizim boynumuzun borcudur. Türkiyə Respublikasının müxtəlif səhiyyə ocaqlarında tibb təhsilimi təkminləşdirdiyim üçün özümü bir növ o xalqa borclu hesab edirəm. Və bu gün qardaşlarımızla daha möhkəm birləşmək vaxtıdır. Hər birimiz əlimizdən gələni əsirgəməmliyik.

Digər səhiyyə ocağı – Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin baş həkimi Mətanət Səfərova isə  bunları söylədi:

– Bu gün hər kəs böyükdən-kiçiyə hamının ürəyi Türkiyədə döyünür. Onların bu şaxtalı, qarlı qış günlərində belə bir təbii fəlakətlə üz-üzə qalması hamımızı kədərə qərq etdi. Hər cür yardımı göstərmək üçün səfərbər olduq. Həmin gündən lazım olacaq tibbi yardım üçün xəstəxana hazır vəziyyətə gətirildi. Bundan əlavə yardım aksiyası vasitəsi ilə kömək etdik. Lazım olarsa həmin bölgəyə gedib yaralılara tibbi yardım göstərməyə də hazırıq. Həkimlər və tibb bacıları bunun üçün müraciət də ediblər. Biz xalq olaraq qardaşlığımızın dəfələrlə sınağa çəkilərək hər dəfəsində də bu sınaqdan mərdliklə, üzüağ çıxmışıq. Tarix dəfələrlə Türkiyə və Azərbaycan dostluğuna şahidlik edib həmişə. Babalarımızdan miras qalan bu dostluq və qardaşlıq bu gün də davam edir. Vətən müharibəsində qardaş ölkənin həkimləri ölkəmizə gəlib yaralıları yerində əməliyyat və müayinə etməklə, yanaşı, bir çox ağır vəziyyətdə olan hərbçilərimiz Türkiyə Respubklikasının ən yüksək ixtisaslı həkimlərin köməyi ilə həmin ölkənin tibb ocaqlarında müalicə olunub, həyata qayıtdı. Bu gün də bizim həmin həmrəyliyi göstərməyimizin vaxtıdır.

Xəstəxananın həkimlərindən Nail Mehbalıyev də fikirlərini bizimlə bölüşdü:

– Biz bir xalq olaraq Dahi Rəhbərimizin bir millət iki dövlət kəlamına sadiq qalaraq ən çətin günlərdə qardaşlığımızı hər məqamda göstərdik. Maddi mənəvi türk qardaşlarımızın yanındayıq. Onların dərdini öz dərdimiz hesab edir və zəlzələdən əziyyət çəkən insanlarımıza kömək etməyə can atırıq. Türkiyə respublikası ilə bizi nə sərhədlər nə də düşmələr ayıra bilməyib bilməyəcək də. Can qardaşlarımıza nə lazımdırsa etmişik və bundan sonra edəcəyik. Çünki bizi bir-birimizə qırılmaz tellər, qarşılıqsız kömək etmək duyğusu və sevgi bağlayır.

Tarix bu gün bu iki xalqın qardaşlığının sınağa çəkildiyi günlərdən birinə daha şahidlik edir. Və təkcə səhiyyə sahəsində deyil, bütün sahələrdə bu sınaqdan alnıaçıq çıxacağına əminik. Ötən gün dövlət başçısı qardaş ölkənin səfirliyində olarkən dedi: “Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə... O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq”.

Bəli, qardaşlıq dar gündə də, xoş gündə də, qarşılıq gözlənmədən yaşanır. Qardaşlıq köməyə ehtiyac duyulduğunu hiss edən kimi, onun bizi yardıma çağırmağını gözləmədən təyyarələrin havaya qaldırılmağı, qarlı, şaxtalı havada baş verən zəlzələdə evsiz qalan insanların üşüməsinə imkan vermədən evindəki isti geyimini, yorğan döşəyini onlara göndərməkdir. Qardaşlıq çörəyini, suyunu yarı bölmək, bir ocağın istisinə qızınmaqdır. Qardaşlıq bu iki xalqın arasındakı bağdır. Vətənpərvərlikdən, sevgidən yaranan qırılmaz bağ.

Ramiyyə ƏKBƏROVA