Aromaterapiya ilə müalicə sağlamlığa və əhvali-ruhiyyəyə müsbət təsir göstərir

2023-02-06 / 10:34:06

Efir yağları ilə müalicə növü aromaterapiya adlanır. Efir yağlarının qoxusu emosiyaları, yaddaşı, hissləri və yuxunu tənzimləməyə kömək edir. Bitki cövhərlərindən əldə edilən həmin yağları hazırlamaq o qədər də asan deyil. Məsələn, 1 çay qaşığı qızılgül yağı əldə etmək üçün 5 min çiçəkdən istifadə olunur.

Həkim-fitoterapevt Elnur Eldaroğlu bildirib ki, aromaterapiya üsullarına efir yağları ilə masaj, vanna qəbulu, aromaterapik lampalar, şamlar və ətirli tüstülər daxildir. Məsələn, beyin fəaliyyətinə limon və çayağacı yağı yaxşı təsir edir. Oksigenlə zəngin olduğuna görə şam ağacı da beyin fəaliyyətinə və tənəffüs sisteminə faydalı təsir göstərir. Həmin yağların sağlamlığa da müsbət təsiri var.

Ofis şəraitində olduqlarına görə insanların təbiət enerjisinə daha çox ehtiyacı var. Bu baxımdan gül ətirləri insanı təbiətə daha çox yaxın edir. Onun dediyinə görə, aromaterapiyanın faydalı olması üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır: “Bir damcı ətrin təsiri maksimal dərəcədə səmərəli olur. Ona görə də belə təsəvvür yaranır ki, ondan çox istifadə etmək daha güclü təsir göstərər. Lakin həmin ətrin təsiri 20 dəqiqədən çox davam edərsə, baş gicəllənməsinə səbəb ola bilər. Ona görə də səmərəli və faydalı olması üçün ətirlərin miqdarına və vaxtına fikir vermək lazımdır. Ətirləri bədənin ayrı-ayrı nöqtələrinə çəkmək və aromaklondan istifadə etmək olar”.

Aromaterapiya ilə müalicə üsulunun əks-təsir göstərməməsi üçün hamilə qadınlar diqqətli olmalıdırlar. Həmin qoxular körpələrə mənfi təsir göstərə bilər. Buna görə də onun 12 yaşdan yuxarı uşaqlara tətbiq olunması məsləhətdir.

Həkim-fitoterapevt deyib: “Kəskin qoxular miqren baş ağrısı olanlarda ağrını qıcıqlandırır. Nərgiz gülünün ətri və sərt ədviyyatlar da buna səbəb ola bilər. Mentol və lavanda kimi ətirlərin qoxusu sinir sistemini tənzimləyir, qorxu və həyəcanı azaldır və beyinə müsbət təsir göstərir”.

Efir yağları ilə müalicə insan sağlamlığına və əhvali-ruhiyyəsinə müsbət təsir etməklə yanaşı, immuniteti möhkəmləndirir və zehni itiləşdirir, çünki həmin yağların tərkibində 300-ə qədər aktiv maddə var. Yağlar insan dərisi üçün də xeyirlidir.