Soyuq havalarda qripdən və digər infeksiyalardan qorunmaq üçün nələrə diqqət etməliyik?

2023-01-27 / 16:45:54

Bildiyimiz kimi, 2022-2023-cü il qış mövsümü üçün ÜST tərəfindən influenza epidemiyası elan olunub. Havaların soyuması ilə kəskinləşən bir neçə qrip və infeksiya növləri əhali arasında sürətlə yayılmaqda davam edir.

Hal-hazırda demək olar ki, xəstəliyə tutulanlar arasında uşaqlar daha çoxdur. Bəs biz bu xəstəliklərə yoluxmamaq və özümüzü qorumaq üçün nələrə diqqət etməliyik? Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Pulmonologiya bölməsinin müdiri, həkim-pulmonoloq Dilarə Baxşəliyeva bildirir ki, qış aylarında bir sıra virusların səbəb olduğu Kəskin Respirator Virus İnfeksiyaları xəstəliklərinə rast gəlinir. Belə ki, son zamanlarda sadəcə koronavirus deyil, eyni zamanda artıq Avropada da geniş yayılmaqda olan qrip virusu da özünü göstərir.

Qripə yoluxan insanlarla COVID-19-a yoluxan insanların sayı eyni nisbətdə götürülür. Təbii ki, Azərbaycanda da qızdırma, öskürək, ümumi halsızlıqla bağlı şikayətlər qış aylarında artmağa başlayır və sürətlə yayılır. Son günlərdə də bu şikayətlərlə müraciət edən xəstələrin sayı artmaqdadır.

Dilarə Baxşəliyeva bildirir ki, istənilən halda, həm koronavirusa, həm də qripə qarşı profilaktik tədbirlər və müalicə eynidir. Sadəcə sağlam qidalanaraq, mövsümə uyğun geyinərək, zamanında peyvənd olunaraq virusdan qoruna bilərik. Amma bütün bunlarla yanaşı əllərimizi tez-tez ovalayaraq sabunla yumalı, öskürmə və hapşırma zamanı dəsmaldan istifadə etməli və ya yoluxucu olmasın deyə bu zaman əl içinə deyil, dirsək arasına ağzımızı tutmalı, maskadan istifadə etməli, yaşadığımız və vaxt keçirdiyimiz yerlərin tez-tez havasını dəyişməli, şəxsi əşyalarımızı heç vaxt başqası ilə paylaşmamalı, daha çox su içib, yemək və yuxu rejiminə əməl etməliyik.

Qripə artıq yoluxan insanlar isə gərəksiz antibiotik və qrip əleyhinə dərmanlardan uzaq durmalıdı. Yoluxmuş şəxslər başlıca olaraq özünü təcrid qaydalarına riayət  etməli, bol maye qəbul etməli və istirahət etməlidir. Şikayətlər uzandığı təqdirdə isə xəstə hökmən həkim müayinəsində olmalıdır. Risk qrupu olan şəxslər (xroniki  xəstəliyi olanlar, hamilələr, 2 yaşdan kiçik uşaqlar, yaşlılar və s.) xəstəliyin daha erkən günlərində həkim müayinəsindən keçməli, uyğun tövsiyələr üzrə müalicə almalıdır.

Dünyanın ən şirin neməti can sağlığıdır, ona görə də, sağlamlığımızı risk altında qoymamaq və sağlamlığımızın qeydinə qalmaq üçün birinci növbədə həkim məsləhətinə qulaq asmalı, həkiməqədərki zaman içərisində isə ilkin yardım qaydalarına düzgün əməl etməliyik.

Naxçıvan Muxtar Rspublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti