Həkim, rezident və orta tibb işçiləri növbəti təcrübə kurslarda iştirak edir

2023-01-27 / 11:15:33

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq nazirliyin tabeliyində fəaliyyət göstərən tibb işçiləri üçün mütəmadi olaraq təcrübə kursları təşkil edilir. Hər yeni təqvim ilində iş planının qrafikinə uyğun əvvəlcədən həkim, rezident və orta tibb işçiləri qeydə alınaraq təcrübələrə cəlb edilirlər. Təcrübə kursları zamanı tibb işçilərinə təyin olunduqları ixtisaslara uyğun vəzifələr haqqında ətraflı nəzəri və praktik təlimlər keçirilir. Təcrübə kursların təşkilində məqsəd səhiyyə sistemində ixtisaslaşdırılmış kadr potensialının təkmilləşdirilməsi, tibbi kadrların vəzifələri üzrə daha dərin biliklərə sahib olmaları, əhaliyə daha yüksək səviyyədə tibbi yardımların göstərilməsi və tibbi peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Növbəti təcrübəyə 2023-cü ilin yanvar ayından başlayaraq cədvələ uyğun müxtəlif zaman çərçivəsini əhatə etməklə start verilib. Belə ki, hazırda bir həkim-stomatoloq Bakı şəhərində, bir həkim-ginekoloq, iki mama-tibb bacısı Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi publik hüquqi şəxsi, bir rezident, iki feldşer, bir fizioterapevt və bir məntəqə müdiri Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi, bir rezident Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi publik hüquqi şəxsi, üç diş texniki Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəz publik hüquqi şəxsi, altı peyvənd-tibb bacısı isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası publik hüquqi şəxslərində öz ixtisasları üzrə təcrübədədir.

Qeyd edək ki, təcrübə kursları başa vuran tibb işçiləri kursu başa vurduqlarına dair arayışla təmin olunurlar.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti