Bəzi dərman vasitələri tapılmır, qiymət fərqi yaşanır

2023-01-24 / 14:56:06

Son günlərdə havaların soyuması ilə əlaqədar eləcə müxtəlif xəstəliklərə görə apteklərə müraciət edən vətəndaşların sayı artıb. Muxtar respublikada çox sayda aptek və ya əczaxana fəaliyyət göstərsə də çox vaxt sakinlər axtardıqları dərman vasitəsini tapa bilmir, ya da ki, dərmanın qiymətinin digər şəhərlərimizlə müqayisədə baha olması ilə əlaqədar ala bilmir. Məcbur qalıb ya həmin dərmanın əvəzləyicisini alır, ya da öz qohum-əqrabasından xahiş edir başqa ölkələrdən və ya paytaxt şəhərimiz Bakıdan alıb göndərirlər. Bu gün Naxçıvan sakinlərini maraqlandıran məsələlərdən biri də apteklərdə dərman vasitələrinin qiymətlərindəki fərq, axtarılan dərman vasitələrinin tapılmaması, dərmanların keyfiyyəti ilə bağlıdır. Yaxşı, bütün bunlara səbəb nədir? 

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əczaçılıq və özəl tibb müəssisələri sektorunun müdiri Hacı Əliyevlə həmsöhbət olduq. Qeyd etdi ki, əvvəllər muxtar respublikada bütün apteklərə, əzcaxanalara dərmanları “Nəqşicahan MED” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AKİ Əczaçılıq Anbarı” verirdi. Əczaxanaların hamısı dərmanı məcburən onların təyin etdiyi qiymətdən almalı və onların təyin etdiyi qiymətdən də satmalı idi. Bir sözlə, Tarif Şurasının qiymətləri burada işləmirdi. Muxtar respublikada fəaliyyət göstərən əczaxanaların heç biri, fiziki və ya hüquqi şəxs sahibkarlar Bakıdan dərman preparatları gətirə bilmirdilər. 2023-cü ilin yanvar ayından etibarən, bütün apteklər dərmanları Bakıdan gətirə bilir və Tarif Şurasının qiymətləri burada artıq işləməyə başlayıb. Hazırda apteklər “Nəqşicahan MED”-dən  də dərman götürə bilirlər.

Naxçıvanda bəzi dərman vasitələrinin tapılmaması ilə bağlı sualımıza isə Hacı həkim belə cavab verdi: – Son aylarda Naxçıvanda dərman təminatı problemini qaydaya salmağa çalışırıq. Lakin elə dərmanlar var ki, bu nəinki Naxçıvanda Bakıda, eləcə də xaricdə də tapılmır. Yəni dərman qıtlığı bu gün hər bir ölkənin probleminə çevrilib. Əsasən ilin əvvəlində bu problemlər yaşanır. Mümkün deyil ki, həmişə istədiyini tapa biləsən, gündə bir preparat çıxır,  birin tapanda, birini tapa bilmirsən. Sinir sisteminin müalicəsində istifadə edilən fenobarbital, gabapentin kimi dərmanlar heç Bakıda da tapılmır.

Hacı həkim bildirdi ki, aptek, əczaxana sahibkarları İrandan, Türkiyədən dərman idxal edə bilmirlər, çünki mal qeydiyyata düşməlidir, amma Bakıdan istənilən depodan şəxsi, pərakəndə satış üçün istənilən dərmanı gətirə bilirlər. Bu zaman qiymət də aşağı düşür, eyni zamanda istənilən dərmanı tapmaq asanlaşır. Onu da qeyd edim ki, dərman qiymətləri ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi belə səlahiyyətə sahib deyil. Buna İqtisadiyyat Nazirliyi, Tarif Şurası və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti baxır. Yalnız təminat məsələsinə Səhiyyə         Nazirliyi cavabdehdir. Həmçinin Naxçıvanda daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin, qiymətlərin  tənzimlənməsi ilə bağlı  bir mərkəz çox təəssüf ki yoxdur, onun üçün də  bu məsələ də ciddi problemlər mövcuddur, lakin sırf bizim öhdəliyimizdə deyil.

Müsahibim dərmanların keyfiyyət ilə bağlı dedi: – Naxçıvanda dərmanların keyfiyyətinə nəzarət həyata keçirilə bilmir. Niyə görə? Çünki, bu məsələ Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsində yoxdur. Buna cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan qurumlardır. Biz dərmanların yalnız saxlanılma şəraitinə nəzarət edirik. Bütün apteklərimizdə temperaturu və rütubəti ölçən cihazlar quraşdırılıb. Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq apteklərdə bu məsələlərə nəzarət edirik, lakin keyfiyyət barədə heç nə deyə bilmirik. Bununla bağlı Naxçıvanda hər hansı bir qurum, laboratoriya yaradılmayıb.

Hacı Əliyevin söylədiyi fikirlərə əsasən vəziyyəti yerində öyrənmək üçün apteklərin bir neçəsinə yollandıq. Naxçıvan şəhərində fəaliyyət göstərən  “Səhhət” əczaxanasının əczaçısı Arif İsmayılov qeyd etdi ki, hazırda Bakıdan dərman gətirə bilirlər. Lakin, apteklərdə uşaqlar üçün iltihab əleyhinə, qızdırma salıcı dərmanlar –  nurafen, ibufen, bifidumbakterin və sair kimi dərmanlar tapılmır, ya da azlıq təşkil edir.

“Aptek 50 Şəfalı” nın  əczaçısı İlyas İbrahimov da bildirdi ki, bu ayın əvvəlindən Bakıdan dərman gətirə bilirlər. Uşaqlar, astma və şəkər xəstələri üçün dərman qıtlığı yaşanır: –  Əvvəl bunları Türkiyədən gətirirdik, oranın istehsalı olduğu üçün ucuz qiymətə də satılırdı. Hazırda Bakıdan gətirilən bu cür dərmanlar İsveçrə və digər xarici ölkələrin istehsalıdır deyə iki, üç qat baha qiymətə satılır. Apteklərdə müştəriyə ƏDV çeklərinin verilməsi ilə bağlı sualımıza əczaçı yeni nəsil kassa aparatlarının quraşdırılacağını, yalnız bundan sonra tətbiq olunacağını dedi.

“Şəhər Aptek Med”in işçisi Hikmət Şəkərəliyev isə qeyd etdi ki, hazırda “Nəqşicahan Med”lə işləyirlər. Lakin, əvvəlkindən fərqli olaraq indi dərmanlar  Tarif Şurasının tənzimlədiyi qiymətlərə əsasən alıcılara təqdim olunur. İndi daha çox Naxçıvana Bakıdan gəlmiş həkimlərin xəstələrə yazdığı dərmanlar, bəzi sirop və suspenziyalar apteklərdə tapılmır.

Biz də ictimai rəy yaradan növbəti mövzunu sizin üçün araşdırmağa çalışdıq, güman edirik ki, səlahiyyətli qurumlar tezliklə apteklərlə, xüsusilə dərmanların qiymətləri ilə bağlı bir ölçü götürəcəklər. Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas hədəfi də əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılmasıdır. Dərman vasitələri bazarında şəffaflığın təmin edilməsi, süni qiymət artımının qarşısının alınması, dərman vasitələrinin bütün apteklərdə eyni qiymətə satılması və sakinlərin ucuz aptek axtarmaq zərurətinin aradan qaldırılması kimi məsələlər bu mənada əsas amillərdir. Apteklərdə ƏDV-nin tətbiqinə gəldikdə isə  2020-ci ilin may ayından Azərbaycanda pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq edilir. Beləliklə nağdsız ödənişlər zamanı ödənilən ƏDV-nin 15 %-i, nağd ödənişlər zamanı ödənilən ƏDV-nin isə 10 %-i istehlakçıya geri qaytarılır. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Ümid edirik ki, yaxın vaxtlarda muxtar respublika apteklərində dediyimiz məsələlər üzrə tənzimləmələr aparılacaq, sakinləri narahat edən məsələlər öz həllini tapacaqdır.

Güntac ŞAHMƏMMƏDLİ