“İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası və onun nəzarət mexanizmi” mövzusunda tədbir keçirilib

2023-01-23 / 16:38:00

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “2023-cü il ərzində həyata keçiriləcək hüquqi maarifləndirməyə dair Tədbirlər Planı”na əsasən 23 yanvar 2023-cü il tarixində Yaqub Budaqov adına Naxçıvan Psixi Xəstəliklər Dispanserində  “İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası və onun nəzarət mexanizmi” mövzusunda tədbir keçirilib.

Tədbiri girişi sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı  Səbuhi İbrahimov bildirib ki, “İşgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası” 1987-ci ildə Avropa Şurası tərəfindən qəbul edilmişdir.

Konvensiya azadlıqdan məhrum edilmiş və ya azadlığı məhdudlaşdırılmış şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizmi təmin edir. Bu mexanizm, Avropada İşgəncə, İnsani və ya Alçaldıcı Rəftara Qarşı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş və ya azadlığı məhdudlaşdırılmış şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilər, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri həyata keçirir.

Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Bu yerlər polis bölmələri, psixiatriya xəstəxanaları, hərbi hissələrdə saxlanma yerləri, əcnəbilərin saxlanma yerləri və uşaq qəbul mərkəzləridir.

Azərbaycan Respublikası 25 dekabr 2001-ci il Qanunu ilə “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasının və onun 1 və 2 saylı Protokollarını təsdiq etmişdir. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduqdan sonra milli qanunvericilikdə bir sıra müvafiq dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Konistutsiyasının 46-cı maddəsinə əsasən “Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən psixi pozuntusu olan şəxsin ləyaqətinin alçaldılmasına yol verilmir və həmin şəxslərə humanist münasibət bəslənilməlidir. Həmçinin, həmin kateqoriyadan olan şəxslər  Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər.

        “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası qanunun 13-cü maddəsinə əsasən  psixoloji yardım alan şəxslərin qanuni maraqlarını, şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

Tədbiri öz çıxışı ilə davam etdirən Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Aysel Nəcəfli İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Preventiv qrupu tərəfindən şəxslərin iradəsindən kənar saxlanıldığı yerlərə baş çəkmələrinin hansı hallarda və necə həyata keçirilməsi haqqında məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti