Vərəm xəstəliyi yoluxucu xəstəlikdir

2023-01-18 / 14:37:40

Əhalinin sağlamlığının təmin olunması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir, bu istiqamətdə maarifləndirmə işləri aparılır. Qəbul edilən qərar və sərəncamlar, dövlət proqramları səhiyyə işlərinin səmərəli təşkilinə dəstək verməklə yanaşı, qarşıya qoyulan məqsədlərin gerçəkləşməsini də asanlaşdırır. Belə ki, son illər səhiyyənin inkişafı istiqamətində imzalanan dövlət proqramlarında verilmiş tapşırıqlar bu sahədə tədbirlərin gedişatını müxtəlif istiqamətlərdə sürətləndirmiş, daha da keyfiyyətli və dinamik inkişaf üçün zəmin yaratmışdır. Həyata keçirilən tədbirlər sırasında maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən biridir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva ilə həmsöhbət olduq.

Vərəm xəstəliyi barədə ətraflı məlumat verən Günay həkim, bu xəstəliyin əhali arasında yaratdığı narahatlıqlarla yanaşı, bu istiqamətlərdə aparılan müayinələr zamanı müayinələrdən yayınmaq istəyənlər üçün də yararlı məsləhətlər verdi. Bildirdi ki, vərəm xəstəliyi yoluxucu xəstəlikdir. O, hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Əksər infeksiyon xəstəliyin qarşısının alınmasında profilaktika əsas rol oynayır. Bu mövzuya toxunmaqla həm məktəblərdə aparılan flüoroqrafik müayinələrin, həm də mantu sınaqlarının aparılmasının valideynlərdə yaratdığı  narahatçılıqların və yaranan sualların cavablarının tapılmasını asanlaşdırmaq olar.

Həkim bildirir ki, xəstəliyin profilaktikası xəstələrin zamanında aşkar olunması, vərəmlə mübarizə, infeksiya mənbələrinin erkən və tam aşkar olunmasına yönəldilmiş tədbirlər, xəstələnmə riskinin azaldılması, xəstələnmə, xəstəliyin yayılmasının və onunla bağlı ölümlə nəticələn halların sayının azaldılmasına dair aparılan tədbirlər toplusudur. Vərəmlə mübarizə haqqında danışan həmsöhbətim bildirdi ki, vərəmlə mübarizənin profilaktik tədbirləri üç əsas bölmədən ibarətdir-vaksinasiya, kimyəvi profilaktika və infeksion nəzarət. Hal-hazırda vaksinasiya üçün BSJ vaksini istifadə olunur. BSJ vaksinasiyanın qoruyucu effekti orta hesabla 10-20 il ərzində saxlanılır və BSJ vərəm meningiti və vərəmin yayılmış formalarının rast gəlmə tezliyini azaldır, vərəm mikrobakteriyası ilə yoluxma tezliyini azaldır. BSJ vaksini-öküz tipli vərəm basillərindən (Mycobacterium bovis) hazırlanmış, patogenliyi itmiş, virulentliyi azaldılmış vərəm əleyhinə diri vaksindir və uşaqlarda, yeniyetmələrdə və böyüklərdə revaksinasiyanın zəif effektli olması nəzərə alınaraq aparılması məsləhət görülmür. Bütün sağlam, vaxtında doğulmuş yenidoğulmuşların həyatının ilk günlərində, doğum evlərində, evə yazılmağa bir gün qalmış və vaxtından qabaq doğulmuş və bədən çəkisi 2000-2500 qr-dan az olan yenidoğulmuşlarda normal bədən çəkisi bərpa olduqdan sonra BSJ vaksinasiyaya göstəriş verilə bilər. Yenidoğulmuşlarda vaksinasiyaya əks-göstərişlər müvəqqəti əks-göstərişlər və daimi əks göstərişlər olmaqla iki yerə ayrılır. Müvəqqəti əks-göstərişləri olan yenidoğulmuşlar əks-göstərişlər aradan çıxdıqdan sonra uşaq poliklinikalarında vaksinasiya edilirlər (təxirə salınmış vaksinasiyada adlanır). Müvəqqəti əks göstərişlərə 2-4 dərəcəli vaxtından qabaq doğulmuşlar (doğuş zamanı bədən çəkisinin 2500 q-dan aşağı olması), bətndaxili infeksiya, irinli-septik xəstəliklər, yenidoğulmuşların orta ağır və ağır formalı hemolitik xəstəliyi, sinir sisteminin qabarıq nevroloji simptomatikası ilə müşahidə olunan ağır zədələnmələri, yayılmış dəri zədələnmələri, doğuş travmaları və s. aiddir.

Günay həkim onu da bildirir ki, vaksinasiyaya daimi əks-göstərişlərə ilkin immunodefisit vəziyyətlər, bəd xassəli törəmələr, ailədə başqa uşaqlarda müəyyən edilən yayılmış vərəm infeksiyası, uşaqda və ya anada İİV-infeksiyası (əgər ana uşağın doğulmasından əvvəl antiretrovirus terapiyası almamışsa) aiddir. Vaksinasiyaya daimi əks-göstərişləri olan yenidoğulmuşlar daimi müşahidə və vərəm mikrobakteriyalarına mümkün yoluxmasına görə müntəzəm müayinə edilməlidir. Müsbət Mantu reaksiyası əmələ gəldiyi hallarda kimyəvi profilaktik kursunu aparmaq lazımdır. Xüsusi vəziyyətlərdə vaksinasiya anaları İİV-ə yoluxmuş yenidoğulmuşlar və vərəmlə xəstə olan ailələrdə yenidoğulmuşlarda aparıla bilər.

Bu istiqamətdə kimyəvi profilaktikanın əsas məqsədi vərəm mikobakteriyaları ilə yoluxmanın və ya latent infeksiyanın proqressivləşməsinin qarşısının alınması, kimyəvi profilaktikaya başlamazdan əvvəl vərəmin fəal formasının inkar edilməsi üçün tam klinik, mikrobioloji və rentgenoloji müayinənin aparılmasının vacibliliyi, tuberkulin sınaqlarının virajı (konversiyası) – vərəm əleyhinə peyvənd ilə əlaqədar olmayan tuberkulinə qarşı ilk dəfə aşkar olunmuş müsbət reaksiya və ya ötən ildə əldə edilmiş reaksiya ilə müqayisədə əmələ gəlmiş papulanın 6 mm və ya daha çox böyüməsi, mantu reaksiyasının aparılma texnikası, tuberkulinin dəridaxilinə yeridilməsidir. Standart durulaşdırılmış tuberkulinin 2 TV (tuberkulin vahidi) dəridaxili inyeksiyasından istifadə olunur (2 TV – 0,1 ml-də), mantu reaksiyası qoyulandan 72 saat sonra tuberkulinin yeridilmə nahiyəsində dərinin bərkimə sahəsi diametrinin ölçülməsi ilə (qızarma istisna olmaqla) qiymətləndirilir.

Diaskin test haqqında məlumat verən Günay həkim bildirir ki, diaskin test - rekombinə edilmiş vərəm allergenin standart məhlulu olmaqla yanaşı toksik deyil, sensibilizasiya yaratmaq qabiliyyətinə malik deyil və təhlükəsizdir. Spesifik olması səbəbindən də geniş klinik tətbiq üçün tövsiyə edilməklə yanaşı vərəm prosesinin aktivlik dərəcəsi və yüksək risk qrupuna aid olan xəstələr arasında aktiv vərəmin inkişaf riskini qiymətləndirmək üçün də istifadə olunur. Həmçinin diaskin testinin nəticələri inyeksiyadan 48-72 saat sonra müayinə edilir. Həkim qızartı (hiperemiya) sahəsinin diametrini (şəffaf mm-lik xətkeş vasitəsi ilə) və bərkliyinin (papulanın) ölçülərini müayinə edir. Diaskin testinin nəticələri mantu sınağının nəticələri ilə eyni qiymətləndirilir.

Dəri sınağının (Mantu reaksiyası, Diaskin test) nəticələrinin qiymətləndirilməsi isə bunlardır: mənfi – infiltratın (papula) və hiperemiyanın olmaması, şübhəli – 2-4 mm infiltrat və ya infiltratsız istənilən ölçüdə hiperemiyanın olması, müsbət – 5 mm və ya daha böyük diametrli infiltratın olması (zəif müsbət: 5-9 mm, orta intensivlikdə: 10-14 mm, nəzərə çarpan: 15-16 mm, hiperergik (uşaq və yeniyetmələrdə    17 mm və daha böyük (papula), böyüklərdə 21 mm və daha böyük (papula), vezikulyar-nekrotik infiltrat (Limfangitlə və ya onsuz)) və artan reaksiya – əvvəlki reaksiya ilə müqayisədə infiltratın get-gedə artması.

      Vərəmin latent formasının müayinə və müalicəsi zəruri olan əhali qrupları 1-15 yaş arasında olan uşaqlar, vərəmli xəstə ilə təsadüfi təmasda olmuş insanlar, vərəm ocaqlarından olan insanlar, yoluxma, latent forma və vərəmin proqressivləşməsi riski qrupudur. Xəstəliyin əsas kimyəvi profilaktika rejimi izoniazidlə aparılan 6 aylıq və ya izoniazid və rifampisin kombinasiyasıyla 3 aylıq müalicə kursu sayılır.

      Həmçinin flüoqrafik müayinələr barəsində də məlumat verən həkim deyir ki, profilaktik müayinələrdən biri də flüoroqrafik müayinədir. Bu zaman ağciyərlərdə və bronxlarda olan hər hansı patoloji dəyişikliklərin aşkarlanması vaxtında xəstəliyin qarşısını almağa kömək edir. Flüoroqrafiya aparatında şüa yükü az olduğu üçün ildə bir dəfə aparılan flüoroqrafik müayinələrin orqanizmə hər hansı əks təsiri yoxdur. İnfeksion nəzarət tədbirləri insanların uzun müddət yerləşdiyi otaqdaxili sahədə vərəmə yoluxmanın qarşısının alınmasından ibarətdir. Çox vacib olan faktı nəzərə almaq lazımdır ki, bakteriyanın ilkin ifraz müddətindən xəstəliyin başlanmasına qədər, adətən, 2-3 ay vaxt ötür. Bu müddət ərzində xəstəliyə həssas olan və xəstə ilə təmasda olan insanlar, hətta hər hansı profilaktik tədbirədək çatdırmayaraq xəstəliyə artıq yoluxurlar. Bundan başqa, təxminən 70%-ə yaxın təmasda olanların xəstəliyə ailədən kənar yoluxması, aktiv formalı vərəmlə xəstənin evdə meydana çıxmasından öncə olur. Buna görə də, vərəmli xəstələrin izolyasiyası VM ilə yoluxmuş və vərəmin sonradan inkişaf edən aktiv formasının olduğu insanların sayını azaltmır.

Həkim bildirir ki, infeksion nəzarət üzrə tədbirlərin iki əsas məqsədini fərqləndirmək lazımdır - vərəmli xəstələrdən sağlam insanlara vərəmin yoluxmasının qarşısının alınması və vərəmli xəstələr arasında infeksiyanın ötürülməsinin qarşısının alınması.

Vərəmin profilaktikası vərəmlə mübarizədə ən vacib bölmələrdəndir. Profilaktikaya aid tədbirlərdə tibbi işçilərlə yanaşı bütün səviyyədə olan administrasiyalar, sanitariya-epidemioloji təşkilatlar, sosial-müdafiə orqanları, ictimaiyyət nümayəndələri və əhalinin özü də iştirak etməlidir. Profilaktikanın bütün bölmələrinin düzgün istifadəsi (immunizasiya, kimyəvi profilaktika, infeksion nəzarət) olduqca effektiv olaraq, əhalinin vərəmdən qorunmasına kömək edə bilər. Vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır. Buna görə də, xəstələrin vaxtında müraciət etmələri, müalicəni başlamaları, sağlam şəxslərin ildə 1 dəfə profilaktik müayinədən keçmələri vərəmlə mübarizədə vacib amildir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin

                                                                                                                                                     mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi