Vitamin çatışmazlığını aradan qaldırmaq üçün vasitələr

2023-01-17 / 09:43:20

 

Özümüzü halsız və yorğun hiss etdikdə bədənimizdə vitamin çatışmazlığı olduğunu düşünürük. Çox vaxt bunu təmin etmək, immuniteti gücləndirmək üçün vitamin qəbul edilir. Lakin yersiz qəbul edilən dərmanlar müxtəlif xəstəliklərə səbəb ola bilər. Məsələn, A vitamini qaraciyər, C vitamini isə böyrək və mədə üçün təhlükəlidir.

 Həkim-terapevt Nərgiz Kərimovanın dediyinə görə, orqanizmin vitamin balansının pozulmasına əsasən payız və qış aylarında rast gəlinir. Bunu müəyyən etmək barədə məlumat verən həkim deyib: “Bəzi vitaminlər dəridə quruluq, ağız bucağı ətrafında çatların yaranması kimi hallara səbəb olur. D vitamini çatışmazlığı tez-tez yorulma, tərləmə, saçın tökülməsi, yorğunluq kimi əlamətlərlə özünü büruzə verir. B qrupu vitaminlərinin çatışmazlığı zamanı isə ən çox sinir sistemi pozulmaları mövcud olur”.

Həkim-terapevt onu da deyib ki, bəzən vitamin çatışmazlığına mədə-bağırsaq sisteminin pozulması da səbəb ola bilər. Həmin halların baş verməməsi üçün həkim göstərişlərinə uyğun olaraq vitaminlərin mütəmadi qəbulu məsləhət görülür. Orqanizmə lazım olan mikroelementləri ən çox meyvə-tərəvəzlərin vasitəsilə qəbul etmək lazımdır.

Araşdırmalar göstərir ki, çoxlu vitamin qəbulu prostat xərçənginin yaranmasına da səbəb olur. İnsan xəstə olanda ilk növbədə C vitamini qəbul edir. Ancaq onun yüksək dozada və uzun müddət qəbul edilməsi nəticəsində böyrəklərdə daş yarana bilər. Ona görə də immun sistemini gücləndirmək üçün ən yaxşı üsul çoxlu meyvə-tərəvəz yemək və mövsümə uyğun təbii şirələr qəbul etməkdir.