Bizə Qələbə səadəti bəxş edənlərə xidmət göstərmək, peşə fəaliyyətimizin ən parlaq, ən yaddaqalan səhifəsidir”

2023-01-10 / 12:41:47

Şanlı Vətən müharibəsindən ötən bu müddət ərzində ölkəmizin ictimai-siyasi, sosial həyatında baş verən çox böyük dəyişikliklərin getdiyini müşahidə etdik. İşğaldan azad olunan torpaqlarımızda gedən tikinti-quruculuq, abadlaşdırma, Zəngəzur dəhlizinin çəkilməsi işində həyata keçirilən proseslər, bu istiqamətdə atılan böyük addımlar… Həyata keçirilən tədbirlər sırasında Qarabağ müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması, onlara diqqət və qayğının artırılması, maddi təminatlarının gücləndirilməsi, müharibədə psixoloji və fiziki cəhətdən sağlamlığını itirmiş hər bir vətəndaşa lazımi tibbi xidmətin göstərilməsi öndə durur.

    Xəbər verdiyimiz kimi, yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə müvafiq tibbi xidmətlər göstərmək üçün Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə Bakı şəhərindən və Türkiyə Respublikasından həkim-psixoterapevtlər Naxçıvan şəhərinə gəliblər. Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Qonaqlara məlumat verilib ki, muzey 1999-cu il  mayın 10-da fəaliyyətə başlayıb. Hazırda 4 mindən çox eksponatın qorunub saxlanıldığı muzeydə Ümummilli Lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, albomlar  nümayiş etdirilir.
    Qeyd edilib ki, muzeydə görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar ehtiramla qorunur, tədqiq və təbliğ edilir. Xalqımızın böyük oğlunun zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Ötən illər ərzində Heydər Əliyev Muzeyi Ümummilli Liderimizin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı layiqincə yerinə yetirib. 
    Məlumat verilib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə səhiyyənin inkişafına diqqət və qayğı göstərib, bu sahədə ardıcıl islahatlar aparılıb. Muzeydə Ulu Öndərin həyat və fəaliyyətinə, onun ailəsinə, görkəmli oftalmoloq­alim Zərifə xanıma aid fotolar, ədəbiyyatlar və digər eksponatlar da qonaqların marağına səbəb olub.
    Sonra qonaqlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reabilitasiya şöbəsinin fəaliyyəti ilə tanış olublar, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov qonaqlara şöbə barədə ətraflı məlumat verib. 
    Qeyd edək ki, muxtar respublikaya dəvət olunan həkim-psixoterapevtlər tərəfindən qazilər, şəhid ailələri və müharibə iştirakçıları üçün müayinələr gün ərzində Naxçıvan Muxtar Respublika Xəstəxanasında aparılıb. Biz də bu müqəddəs işdə yorulmayan, əzmlə, böyük iradə və zəhmətlə çalışan həkimlərimizlə, eləcə də onların şəfqətləri ilə öz sağlamlıqlarına qovuşacaq şəhid ailəsi üzvləri və qazilərimizlə həmsöhbət olmaq üçün həmin ünvanın yolunu tutuq.
    Xəstəxanada həyata keçirilən müayinə prosesi ilə ilk tanışlığımız hər kəsdə olduğu kimi, bizdə də müsbət təəssürat yaratdı, vaxt itirmədən həkimlərlə həmsöhbət olmaq üçün xüsusi şöbəyə yaxınlaşdıq. İlk müsahibimiz Fövqəladə Hallar Nazirliyinin psixoloqu, kapitan Dilbər Əlixanova səfərin məqsədi barədə məlumat verərək diqqətə çatdırdı ki, 44 günlük Vətən müharibəsində öz sağlamlığını itirmiş, ağır psixoloji sarsıntılara məruz qalmış qazilərimiz, müharibə iştirakçılarımız, eləcə də şəhid ailələrimiz artıq bir neçə ildir ki, cəmiyyətimizin ən həssas və kövrək kateqoriyasına aid edilir. Vətən müharibəsində qazandığımız Şanlı Qələbə hər bir azərbaycanlının sonsuz iftixarına, sevincinə səbəb oldu, bu qələbəyə görə biz başda Ali Baş Komandan olmaqla bütün qəhrəman oğullarımıza borcluyuq, bir an belə düşünmədən sinəsini gülləyə sipər edən Vətən hünərvərlərinə borcluyuq. Lakin hər birimizə məlumdur ki, geridə qoyduğumuz müharibə özü ilə bərabər şəhid ailələrinə, qazilərimizə bir çox narahatçılıqlar da gətirdi. Ən əsası isə müharibənin acı dəhşətləri ilə üz-üzə, göz-gözə dayanmış qazilərimiz yaşanan problemlərin, unudulmayan o dəhşətli hadisələrin canlı şahidi olublar. Həmin hadisələrin üzərindən nə qədər keçsə də, onlar baş verənləri heç zaman hafizələrindən silə bilmir… Naxçıvan Muxtar Respublikasına gəliş məqsədimiz də əlimizdə olan bütün imkanlardan istifadə etməklə qəhrəman oğullarımızın, övladını, atasını, qardaşını, həyat yoldaşını itirmiş şəhid ailələrimizin dərdlərinə məlhəm olmaq, az da olsa, onların narahatlıqlarını aradan qaldırmaqdır. Ümid edirik ki, buna nail olacağıq. 

 Həmsöhbətimiz müharibədə əqli sağlamlığını itirmiş, psixoloji cəhətdən sarsıntılara, ağır travmalara məruz qalmış müharibə iştirakçılarının zehni vəziyyətindən, 44 günlük Vətən müharibəsinin yaratdığı sağalmaz yaralardan və onların psixoloji vəziyyətlərindən danışdı: – Hər birimiz yaxşı bilirik ki, müzəffər Ordumuzun qələbəsi ilə yekunlaşmış ədalət savaşının canlı şahidləri – müharibə iştirakçılarının böyük bir qismi müharibənin hər anında ölümlə üz-üzə qalıb. Yanında dostları, yaxınları, tanıdığı insanlar, hətta doğma qardaşları belə şəhid olub, ya da ömürlük öz sağlamlığını itirib. Məsələyə bu aspektdən yanaşsaq, onların müharibədə almış olduqları travmalar miqyasına və yaratdığı ağır fəsadlara görə çox böyükdür. Adətən, bizə müraciət edən müharibə iştirakçılarında müşahidə etdiyimiz psixoloji narahatlıqlar, yəni daxili travmalar psixoloji pozuntu şəklində özünü büruzə verir, kəskin aqressiya, diqqət dağınıqlığı, sinir pozğunluğu müşahidə olunur. Müharibənin acı fəsadlarının onlarda yaratdığı problemləri öz dillərindən eşitmək, yaşadıqları hadisələrə onların gözü ilə şahid olmaq belə insana ağır gəlir, qaldı ki, onları yaşayasan... Son olaraq onu da diqqətə çatdırım ki, müharibə iştirakçılarına hər bir vətəndaş hansı sahədə çalışmasından asılı olmayaraq, dəstəyini göstərməlidir, psixoloji yardım isə bu proseslərin içərisində aparıcı rol oynamalıdır. Bu, mərkəzləşdirilmiş formada olmalı, hər bir dəstək tam göstərilməlidir, bir sözlə, paralel olaraq maarifləndirmə işləri aparılmalı və nəticələr hər kəsin məlumatlı olması üçün cəmiyyətə təqdim edilməlidir. 
    Dilbər xanım məlumat üçün onu da diqqətə çatdırdı ki, psixoloji seanslara müraciət etmək istəyən insanlar Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətti ilə əlaqə yaratmalıdırlar. Müraciətə əsasən onlar müəyyən qeydiyyat proseslərindən keçməklə aksiya davam etdiyi müddətdə buraya gələrək bizimlə görüşə bilərlər. Psixoloji problemin növündən asılı olaraq həftədə 1 və ya 2 gün davam edən seanslarımız isə tam ödənişsizdir.  
    Göstərilən psixoloji xidmətdən məmnunluğunu ifadə edən bir neçə qazimizlə də həmsöhbət olduq. Vətən müharibəsi iştirakçısı Nurlan Quliyev də onların sırasındadır. O deyir ki, müharibə varsa, itki də var, ağır fəsad da. Müharibənin bizdə yaratdığı fiziki, mənəvi və psixoloji narahatlıqların həyatımızda yaratdığı çətinliklərə görə dövlətimiz öz qayğısını bizdən əsirgəmir, sosial müdafiəmizin təmin edilməsi, rifahımızın yüksəldilməsi və problemlərimizin həlli istiqamətində mühüm addımlar atır. Müharibənin başa çatması ilə Ali Baş Komandanın müvafiq sərəncamlarına əsasən “Şücaətə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın işğaldan azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin işğaldan azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olundum. Elə bu gün Naxçıvan Mərkəzi Xəstəxanasına gələn və bizim psixoloji vəziyyətimizlə yaxından maraqlanan həkimlər burada yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə tibbi xidmətlər göstərməklə dövlətimizin bizə qayğısını bir daha nümayiş etdirirlər.
    İkinci Qarabağ müharibəsi zamanı “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan digər qazimiz Arif Niftəliyev də öz fikirlərini bizimlə bölüşdü: – Bu gün Naxçıvan Muxtar Respublika Xəstəxanasında həyata keçirilən və bizi sağlamlığımıza qovuşdurmaq üçün yüksək səviyyədə təşkil edilən tibbi aksiya postmüharibə dövründə dövlətimizin bizə göstərdiyi qayğının davamıdır. Türkiyədən və Bakıdan gələn həkim-psixoterapevtlərin apardıqları psixoloji söhbətlər motivasiya xarakterli olmaqla bərabər, həm də yaşadığımız ağır travmaları stabilləşdirmək xarakteri daşıyır. Bu psixoloji seanslar hələ bir müddət davam edəcək. Arzu edirəm ki, bütün qazi yoldaşlarımız, şəhid ailələrimiz öz mənəvi sağlamlıqlarına qovuşsun, dövlətimizin yaratdığı şəraitdən istifadə edərək Vətən müharibəsinin acılarını az da olsa, unutsun. Bunun üçün dövlətimiz əlindən gələni əsirgəmir. Bir məqamı da qeyd edim; biz müharibədə olan zaman əmin idik ki, yaralansaq və ya şəhid olsaq, dövlətimiz bizi və əmanətlərimizi, ailəmizi, övladlarımızı daim qoruyacaq. Bizə yaradılan hər bir şərait üçün ölkə başçımız Prezident cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. 

 Müharibənin bütün reallıqlarını və gerçəkliklərini hər birimiz televiziya və media orqanlarından əldə etdiyimiz məlumatlar əsasında mənimsəmişdik, ya da ordumuzun sosial şəbəkələr üzərindən yayımladığı və sonu Zəfərlə yekunlaşan videokadrlarda görmüşdük. Lakin həmin prosesləri qazilərimizin, müharibə iştirakçılarının dilindən eşitmək, o günlərə bir də onların gözü ilə qayıtmaq tamam fərqli hisslər yaşadır insanda... Qürurumuz, fəxarətimiz odur ki, Vətənimizin doğma, qayğıkeş insanları heç zaman igidlərimizi unutmur, onlara öz doğması, yaxınıtək yanaşır, bütün ağrı-acılarını öz dərdləri bilir. Qazilərimiz və işinə sədaqətlə yanaşan həkimlərimizlə keçən qısa zaman müddətində bunun bir daha şahidi olduq... Biz də Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzu edirik. Təki Vətən sağ olsun! 

 Məcid RƏŞADƏTOĞLU
 Bülbül QULİYEVA
Aysel YUSİFZADƏ