Kəskin Respirator Virus İnfeksiyalarından necə qorunaq?

2022-12-23 / 10:34:30

 

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimi Məmmədəli Ələkbərovla mövsümi xəstəliklərlə bağlı əhalini daha çox maraqlandıran soyuqdəymə və qrip xəstəlikləri kimi tanınan Kəskin Respirator Virus İnfeksiyaları haqqında həmsöhbət olduq:

  •    Kəskin Respirator Virus İnfeksiyaları haqqında ümumi məlumat verərdiniz...
  • Kəskin Respirator Virus İnfeksiyaları viruslar tərəfindən törədilən, tənəffüs yollarını zədələyən xəstəliklərdir. Əhali arasında bu xəstəliyi “soyuqdəymə” adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar - paraqrip, adenovirus, rinoviruslardır.
  • Xəstəlik daha çox hansı yaşda rast gəlinir?
  • Xəstəlik bütün yaşdan olan əhali arasında, xüsusilə körpələr arasında daha çox təsədüf edilir və 3-cü yaşdan başlayaraq aşağı enməyə meyl göstərir. Bu xəstəlik ilin yaz-payız fəsillərində daha çox təsədüf edilir, şəhər yerlərində kənd yerlərinə nisbətən çox rast gəlinir. Hər il dünyada 2 milyona yaxın uşaq bu xəstəliyin ağırlaşmalarından ölür ki, bunun da 75%-i pnevmoniyaların (ağciyərin iltihabı, sətəlcəm) payına düşür.
  • İnfeksiya necə yayılır?
  • Xəstəlik mənbəyi xəstə insanlardır. İnfeksiyanın yayılması hava damcı yolu ilədir. Xəstə adam asqırdıqda və ya öskürdükdə selik damcılar vasitəsi ilə bu viruslar ətrafa yayılır və sağlam adamın yuxarı tənəffüs yollarına düşüb onu xəstələndirə bilər. Virus həmçinin məişət əşyaları (qab, dəsmal, qapı dəstəyi) vasitəsilə də yayıla bilər. Ancaq onu qeyd etmək lazımdır ki, bu viruslar xarici mühitdə çox davamsızdır. Otaq temperaturunda bir neçə saat ərzində və günəş şüalarının təsirindən tez məhv olur.
  • Xəstəliyin əlamətləri nələrdir?

Xəstəliyin əsas əlamətləri aşağıdakılardır.

- Zökəm;

 - Quru öskürək və tənəffüsün çətinləşməsi;

 - Ümumi zəiflik, əzələlərdə və oynaqlarda ağrılar;

 - Burun və udlaq nahiyəsində qıcıqlanma, quruluq;

 - Baş ağrıları;

 

 - Hərarətin yüksəlməsi.

Hərarət 37,2 dərəcədən 39, hətta 40 dərəcəyədək qalxa bilər. Hərarət orqanizmin müdafiə reaksiyası olub, qanda virusu neytrallaşdıran xüsusi maddələrin yaranmasına imkan verir. Ona görə də, xəstədə 38,5 dərəcəyə qədər hərarəti aşağı salmaq məsləhət görülmür. Ancaq hərarət 38 dərəcədən yuxarı olduqda onu endirmək üçün təcili tədbirlər görmək lazımdır, əks halda, xüsusilə, uşaqlarda qıcolmalar ola bilər.

  • İlkin müdaxilə üçün nələri tövsiyə edirsiniz?
  • Uşaqlarda hərarəti salmaq üçün fiziki müalicə metodlarından (uşağın artıq paltardan azad edilməsi, bədənin ilıq su ilə silinməsi, ayağa isti vannaların edilməsi) istifadə etmək olar. Dərman preparatlarından isə ən çox parasetamoldan istifadə olunur. 12 yaşa qədər uşaqlara aspirin vermək məsləhət görülmür. Yadda saxlamaq lazımdır Kəskin Respirator Virus İnfeksiyalar ağırlaşma verməyibsə antibiotiklərdən istifadə etmək məsləhət görülmür, çünki antibiotiklər virusa təsir etmir.

Xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən aslıdır. Yüngül hərarətsiz soyuqdəymənin dərman müalicəsinə ehtiyacı yoxdur və yaxşı qulluq ediləndə dərmansız da sağalır. Xəstə izoliyasiya olunmalı, yəni ayrıca otaqda yerləşdirilməlidir.

  • xəstəyə qulluq edənlər maskadan istifadə etməli;
  • isti içkilər, ümumiyyətlə, çox maye qəbul etməli;
  • xəstəni isti saxlamalı, ancaq həddən artıq bükməməli;
  • uşağın burnunu təmizləməli, xüsusilə döş əmmədən və yatmazdan əvvəl. Bu nəfəsalmaya kömək edir;
  • C vitamini ilə zəngin ərzaqlardan istifadə etməli. Çünki C vitamini insanın müqavimətini artırır.
  • Körpə südəmər uşaqlarda bu xəstəlik olduqda onları tez-tez əmizdirmək lazımdır.

Bunlardan başqa xalq arasında istifadə olunan müalicə üsullarından: döş qəfəsinə xardal yaxması qoyulması, ayaqlara isti vanna edilməsi və s. üsullardan istifadə etmək olar.

  • Bəs xəstəliyin profilaktikası, yəni qarşısını almaq üçün nə etmək lazımdır?
  • Hava şəraitinə uyğun geyinmək lazımdır. Ona görə ki, bədənin soyuması virus infeksiyasına müqaviməti zəiflədir. Vitamin C ilə zəngin qidalardan istifadə edilməlidir. İlin soyuq vaxtlarında hər gün bir diş sarımsaq yemək məsləhət görülür. Yaşadığınız otağın havasını 15 dəqiqə ərzində dəyişin. Hamı, xüsusilə, yaşlı şəxslər, yenidoğulmuşlar, ağır xroniki xəstəliyi olan şəxslər infeksiya mənbəyindən tədric olunmalıdır.

Bəzi hallarda Kəskin Respirator Virus İnfeksiyalar ağır keçib, ağırlaşmalar verə bilər. Bunlardan otitləri (orta qulağın iltihabı), sinusitləri (alın və burun ciblərinin iltihabı), pnemoniyaları (sətəlcəm), meningitləri (beyin qışalarının iltihabı) göstərmək olar. Ona görə də yaxşı olar ki, Kəskin Respirator Virus İnfeksiyalar zamanı xəstələr həkimə müraciət etsinlər.

Bəli, sağlamlığımızın qorunması ilkin mərhələdə öz əlimizdədir. Lakin bəzən özümüzdən asılı olmayan səbəblərdən sağlamlığımız təhlükə altında qalarsa, o zaman, vaxtında mütəxəssis həkimə müraciət edək. Sağlamlığımızı qoruyaq ki,  ətrafımızdakıların da sağlamlığına təhlükə yaratmayaq.

Ülviyyə Hacıyeva

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi