Naxçıvanda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib

2022-12-16 / 16:29:01

 

  Dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirilib. Naxçıvan  Muxtar Respublika Xəstəxanasında təşkil edilən konfransın məqsədi müasir oftalmologiya sahəsində olan problemlər və əldə olunan uğurların müzakirəsinin aparılması və regionlarda oftalmologiyanın problemlərini öyrənməklə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına nail olmaq olub.

Konfransda muxtar respublikanın və digər rayonların oftalmoloqları, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları və Naxçıvan Dövlət Univeritetinin Tibb fakültəsinin tələbə və rezidentləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov  ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, muxtar respublikada əhalinin sağlamlığının, əhaliyə lazımi tibbi yardımın göstərilməsi, səhiyyənin müxtəlif istiqamətlərinin inkişafı diqqətdə saxlanılmış, muxtar respublikada fəaliyyət göstərən tibb müəssisələri ən müasir maddi-texniki baza və ən son standartlara cavab verən avadanlıqlarla təmin olunaraq muxtar respublika əhalisinin ixtiyarına verilmişdir. Səhiyyə naziri qeyd edib ki, səhiyyənin bütün istiqamətlərində, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılmış, muxtar respublikaya dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regional konfranslarda əsas məqsəd kimi oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılması diqqətdə saxlanılmışdır. Mütəmadi olaraq Milli Oftalmologiya Mərkəzinin professor həkim heyətinin muxtar respublikada seminar və konfranslar təşkil etməsi, müayinələrin və əməliyyatların aparılmasında iştirak etməsi yerli oftalmoloqların bu sahədə tibbi biliklərinin təkmilləşməsində əvəzsiz rol oynayır. Bundan sonra da daim bu əməkdaşlığın davam etdiriləcəyini vurğulayan nazir konfransın gedişatına uğurlar arzulamışdır.

Naxçıvan Dövət Uniersitetinin rekoru Elbrus İsayev çıxış edərək muxtar respublikada kadr potensialının təkmilləşdirilməsində və muxtar respublikanın tibbi kadrlara olan tələbatının ödənilməsində Naxçıvan Dövlət Univerisitetinin tibb fakültəsinin mühüm rol oynadığından, vaxtaşırı tibbi dərnək və cəmiyyətlərlə belə tədbir və konfransların təşkilindən danışıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov çıxış edərək Azərbaycanda oftalmologiya sahəsində bir çox yeniliklərin tətbiq olunduğunu, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filiallarının ən son texnoloji avadanlıqla təchiz edildiyini, klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olduqlarını, mərkəz tərəfindən pasiyentlərə regionlarda səyyar xidmət göstərildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, oftalmologiyada konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit xəstəlikləri ilə bağlı yüksək səviyyədə irəliləyişlərin əldə edilməsi ilə yanaşı, problemlər olan sahələr də mövcuddur.

Konfransda çıxış edən həkim oftalmoloqlar Ceyhun Nəzərli, Günay İbrahimzadə, Lalə Axundova, Ramin Cəfərli, Aynur Rzayeva, Kəmalə Əliyeva və digər məruzəçilər müasir oftalmologiyanın son nailiyyətlərindən, problemlərindən danışıblar.

Tədbirdə muxtar respublika oftalmoloqlarının qarşılaşdıqları çətinliklərdən də söz açılıb, fikir mübadiləsi aparılıb.

Konfrans zamanı aksiya çərçivəsində 101 nəfər müayinə olunmuşdur.

Konfrans oftalmoloqların mövzu ilə bağlı məruzələri və çıxışları ilə davam etdirilib.

Naxçıvan Muxtar Respublikası

                                                                                                                                                                Səhiyyə Nazirliyinin mətbuat xidməti