Muxtar respublikada həkim-pediatrlar üçün ilk tədris seminarı keçirilib

2022-12-16 / 15:05:07

 

   15 dekabr 2022-ci il tarixində regional layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Novartis şirkətinin və Talassemiya Mərkəzinin (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında həkim-pediatrlar üçün ilk tədris seminarı keçirilib.

Tədris seminarında Talassemiya Mərkəzinin həkimləri Zaur Məmmədbəyov və Samirə Həsənova real praktikadakı kliniki hallar ilə bağlı müzakirələr aparıb.

Seminarda “Jadenyu-deferaziroksun yeni forması. Üstünlükləri və istifadə xüsusiyyətləri” və “Jadenyunun talassemiyada istifadəsi. Kliniki hal” mövzusunda çıxış edən  həkim-hematoloq Zaur Məmmədbəyov  həkimlərdə preparatın əsas klinik sınaqları və göstəriciləri, onun faydaları və istifadə xüsusiyyətləri, mümkün yan təsirləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.

Həkim-hematoloq Samirə Həsənova isə revoleyd preparatının uşaqlarda klinik praktikada istifadə imkanları, klinik tədqiqatlara uyğun olaraq effektivlik və təhlükəsizlik, uşaqlarda İTP-nin epidemiologiyası, etiologiyası, diaqnostikası və müalicə məqsədləri, həmçinin İTP-li pediatrik xəstələrin idarə olunması üzrə beynəlxalq təlimatlarla bağlı “Uşaqlarda İTP zamanı Revoleyd preparatının istifadəsi” və “İmmun trombositopeniya. Klinik vəziyyət” mövzularında çıxış edib.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti