Ümid sonda ölür

2022-12-16 / 11:28:26

   Tibb işçiləri ilə xəstə arasında olan münasibətlər, tibb işçilərinin nümunəvi davranışı xəstəliyin müalicəsində mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Uzunmüddətli həkimlik təcrübəmdən deyə bilərəm ki, elə ilk görüşdən xəstə ilə qarşılıqlı səmimi münasibətlər yarada bilən tibb işçisi xəstələrin müalicəsində müvəffəqiyyət əldə edir. İxtisasından asılı olmayaraq hər bir həkim həm də psixoloq olmağı bacarmalıdır. Çünki insanların öz sağlamlığına münasibəti heç də eyni deyil.

Ümumiyyətlə sağlamlığına münasibətinə görə insanları üç qrupa ayırmaq olar.

          Birinci qrupa aid olan insanlar xəstələndikdə bunu təbii hal kimi qəbul edir, öz ehtiyatsızlığını yaxud səhlənkarlığlnı başa düşür, gecikmədən həkimə müraciət edir. Həkimin təyin etdiyi müalicəni və verdiyi məsləhətləri səbrlə, təmkinlə həyata keçirir və müalicənin sonunda tam sağalmasına əmin olmaq üçün təkrar həkim müayinəsindən keçir.

          İkinci qrupa aid olan insanlar öz sağlamlıqlarının qayğısına qalmır, xəstənləndikdə, hətta ciddi xəstəlik əlaməti olduqda belə, həkimə müraciət etmir, yalnız xəstəlik əlamətinin gücləndiyi zaman həkimə müraciət edir. Bu isə onların müalicəsində müəyyən problem yaradır. Belə insanlara bir ad vermək olar: sağlamlığına və xoşbəxtliyinə biganə olan insanlar.

          Üçüncü qrupa aid olan insanlar xəstələndikdə, hətta yüngül xəstələlik əlamətləri olduqda belə, təşviş hissi keçirir, çox narahat olurlar. Öz təlaşlı hərəkətləri ilə evdəkilərin, yaxın qohumların da narahatlığına səbəb olurlar. Belə adamlar yaxınlarından onu tez həkim müayinəsinə aparmağı tələb edirlər. Bəzən bir həkim müayinəsi ilə kifayətlənmir, gündə bir neçə həkimin müayinəsindən keçirlər, hətta bəzən həkimin məsləhət görmədiyi müayinə üsullarından keçməsi üçün həkimdən təkidlə xahiş edirlər. Çox zaman həkimin “sizdə ciddi bir şey yoxdur” deməsindən, yaxud bir və ya iki dərman təyin etməsindən inciyir, çox dərman yazılmasını tələb edirlər. Belə insanlar təyin olunmuş müalicə kursuna adətən riayət etmir, bir gün dərmanları qəbul etdikdən sonra başqa həkimin yanına getməyə üstünlük verirlər. Onları diqqətlə müayinə etdikdə çox vaxt sinir sisteminin funksional pozğunluğu əlamətləri müşahidə olunur.

          İnsanlar bilməlidirlər ki, xəstələndikdə çox narahat olub təşvişə düşməkdənsə münasibətlərin möhkəmləndiririlməsində aparıcı rolu həkim oynayır. Həkim xəstəni müayinə edir, diaqnoz qoyur, xəstəliyi müşahidə edir. Həkimin təyinatının yüksək keyfiyyətlə həyata keçirilməsi üçün tibb işçisindən yüksək intizam, savad, xəstələrdən isə həkimin tapşırıqlarını dəqiq yerinə yetirmək kimi vəzifələr tələb olunur.

          Həkim müayinəsinin ilk dəqiqələrindən, hətta mən deyərdim ki, ilk tanışlıqdan xəstə ilə özü arasında səmimiyyət yə qarşılıqlı inam körpüsü yaratmağı bacarmalıdır. Bu çox vacib məsələdir və müalicənin sonrakı gedişi üçün, xəstənin sağalması üçün mühüm amildir. Əlbəttə mülicənin nəticəli olmasında müayinənin düzgün və hərtərəfli aparılması ilə diaqnozun dəqiq qoyulması vacib şərtdir. Belə bir deyim var: həkimlik elmində iki zirvə var bunlardan biri düzgün diaqnoz, ikincisi isə düzgün müalicədir. Həkim bütün hallarda hər iki zirvəni fəth etməlidir.

Sözlə adamı öldürmək də olar, sözlə adamı ölümün qara pəncəsindən xilas etmək də olar. Sözü ilə, nəfəsi ilə, yanarlı ğayğısı ilə xəstələrin qəlbinə fərəhlik gətirən həkimlər xöşbəxtdirlər. Təsadüfi deyil ki, bir nəğmədə deyilir: (həm təbibdi, həm məlhəm şirin söhbət, sirin dil). Söz ümiddir, ümid isə xəstəyə ən vacib dərman qədər gərəkdir. Həkimin sözü əlavə dərmandır. Həkim təkcə xəstənin bədənini deyil, ruhunu da sağaltmağı bacarmalıdır. Həkim sözü qəlbi, ürəyi ovudan məlhəm ola bilər.

Tibdə daim yeniliklər baş verir. Hər bir həkim bu yeniliklərdən xəbərdar olmalı, öz üzərində daim çalışmalıdır. Həkim təkcə savadlı, səmimi olması ilə deyil, həm də öz davranışı, yüksək əxlaqi keyfiyyətləri ilə də xəstələr, ümumiyyətlə insanlar arasında hörmət sahibi olmalıdır. Öz pasiyentinə siqaretin orqanizmə zərərli təsiri haqqında danışıb, söhbətin sonunda bir siqaret yandırıb çəkmək həkimə qarşı inam hissini azalda bilər.

          Tibb işçiləri ilə xəstələrin qarşılıqlı münasibətləri ayrıca bir elmdir və tibbi deontologiya adlanır. Hər bir tibb işçisi deontologiyanın nə olduğunu bilməli və ona riayət etməlidir. Deontologiyanın elementlərindən biri vaxtlı vaxtında həkimin göstərişlərini yerinə yetirməkdir. Öz peşəsini ürəkdən sevən, ona sadiq olan hər bir tibb işçisi insanların həyatını xilas etmək üçün ona kömək göstərməyə hər an hazır olmalıdır. Bunları həyata keçirmək üçün tibb işçisi öz vəzifə borcunu başa düşməli, xəstənin əzabını yüngülləşdirmək üçün bütün lazım olanları etməlidir.

          Elə xəstələr var ki, dəqiq müayinələrdən sonra özlərində bu xəstəliyin olmasını bilməsi onları narahat edir,təşvişə salır. Bu vəziyyət hətta xəstənin psixi travma almasına səbəb ola bilər. Məsələn xəstə özündə vərəm xəstəliyinin olmasını biləndə belə hal keçirə bilər. Lakin müalicə həkiminin təmkinli və qabiliyyətli nitqlə xəstəyə bu xəstəliyin müalicə olunan bir xəstəlik olmasını sadəcə olaraq bu müalicənin bir qədər çox vaxt aparmasını izah etməsi xəstəni sakitləşdirir və onda həkimə inamı artırır. Tibb bacısı çox vaxt xəstələrin arasında olan tibb işçisi kimi yaxın, isti münasibəti ilə onlara psixoterapevtik təsir etməlidir. Heç vaxt unutmaq olmaz ki, insan xəstələnən zaman daha kövrək, daha həssas olur, qayğıya, xoş sözə ehtiyac duyur, ona qulluq edən tibb bacısından diqqət, xoş rəftar gözləyir. Bunun üçün tibb bacısı danışığına, geyiminə, hərəkətlərinə fikir verməli və təmkinli olmalıdır.

          Nəzakətli və mehriban rəftar, xoş təbəssüm tibb bacısının öz xəstələrinə qayğısının ifadəsidir. Tibb bacısının xəstənin əzablarını onunla birlikdə çəkmək qabiliyyəti onun humanistliyini göstərir. Eyni zamanda tibb bacısı həkim sirrini saxlamağı da bacarmalıdır. Bəzən bu sirr yalanla da əlaqədar olur. Məsələn xəstəliyi ölümlə nəticələnən xəstəyə ümid verərək onun xəstəliyinin sağalacağına inam yaratmaq. Bu yalanı müqəddəs yalan adlandırırlar.

          Bəzən xəstələr özləri xəstəlikləri haqqında düzgün məlumatın verilməsini həkimdən xahiş edirlər. Məşhur rus şairi A.S.Puşkin dueldə yaralandıqdan sonra həkim çağırmış və xəstəliyin nəticəsi haqqında obyektiv məlumat verilməsini xahiş etmişdir. Həkim ona yarasının ağır olduğunu və vəziyyətin ümidsiz olduğunu dedikdə həkimə səmimiyyəti üçün təşəkkür etmişdir.

          Bu məsələdə həkimlərin fikri birmənalı deyil. Sağalmasına ümid olmayan xəstələrə həqiqətin deyilməsi barədə həkimlərin bir qismi belə hesab edir ki, xəstəyə həmişə həqiqəti demək lazımdır. İkinci qisim həkimlər bu fikirlə razılaşmır. Onların fikrincə, sağalmaz xəstəyə ona xəstəliyinin sağalmaz olduğunu demək xəstənin ölümünün tezləşməsinə səbəb ola bilər. Buna görə, əksər həkimlər belə hallarda həqiqətin deyilməməsinin tərəfdarıdır. Bu ikinci fikirlə razılaşan həkimlərin sayı daha çoxdur. Axı ümid həmişə sonda ölür. Ümidi öldürmək günahdır. Ona görə də, sağalmaz xəstəliyə düçar olmuş xəstəyə yalan demək onun ömrünü az da olsa uzada bilər. Amma bir məsələ var ki, xəstənin yaxınlarına onun xəstəliyi haqqında məlumat verilməlidir.

          Həkim və tibb bacısının xəstə ilə səmimi ünsiyyəti xəstənin sağalmasına inamını artırır. Tibb bacısı xəstənin vəziyyəti ağırlaşan zaman öz həyəcanını biruzə verməməlidir. Başqa şöbədə olan hadisə haqqında danışmamalıdır. Əks təqdirdə xəstədə qorxu, həyəcan yarana bilər. Təbabətdə yatrogen xəstəliklər adlandırılan xəstəliklər vardır. Bu xəstəliklər tibb işçisinin xəstələrə düşünmədən dediyi sözlərdən əmələ gəlir. Belə xəstələri müalicə etmək çox çətin olur. Ona görə tibb işçisi xəstə ilə söhbət zamanı ona deyiləcək sözləri necə və hansı tonda deməli olduğunu düşünməli, hətta bu sözləri deyən zaman üzünün ifadəsinə fikir verməlidir. Tibb bacıları bilməlidilər ki, xəstələr onların geyimlərinə də fikir verir. Təmiz, ütülü ağ xalatda, başında ləçək, sifətində təbəssüm, savadlı, qabiliyyətli tibb bacılarını xəstələr daha çox sevir və onlara daha çox inanırlar. Çünki xarici görkəm xəstəyə psixoterapevtik təsir edir. Əksinə, səliqəsiz, deyingən, çirkli xalatda olan, dağınıq saçlı tibb bacıları xəstələr tərəfindən yaxşı qarşılanmırlar. Tibb bacısı bilməlidir ki, işə gələn zaman kəskin ətirlərdən istifadə etmək allergiyası olan xəstələrdə boğulma tutmalarına və onların vəziyyətinin pisləşməsinə səbəb ola bilər.

          Öz əməli fəaliyyəti zamanı deontologiyanın prinsiplərinə riayət edən, öz peşəsini sevən, ona sadiq olan bacarıqlı tibb işciləri xəstələr tərəfindən həmişə sevilmişlər.

Məmmədəli Ələkbərov

Naxçıvan Muxtar Respublikası

Ağciyər Xəstəlikləri Dispanserinin həkimi