Əhalinin psixi sağlamlığının qorunmasında beynəlxalq və milli qanunvericiliyin tələbləri

2022-11-24 / 15:03:26

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2022-ci il ərzində həyata keçiriləcək hüquqi maarifləndirməyə dair “Tədbirlər Planı”na əsasən 24 noyabr 2022-ci il tarixində Y.Budaqov adına Naxçıvan Psixi Xəstəliklər Dispanserində  “Əhalinin psixi sağlamlığının qorunmasında beynəlxalq və milli qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri girişi sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov bildirmişdir ki, Muxtar respublikada psixi sağlamlığın qorunması, psixi sağlamlıq problemlərinin qarşısının alınması, həmin şəxslərin müayinə və müalicəsinin təmin edilməsi, həmçinin psixi problemləri olan vətəndaşların cəmiyyətə inteqrasiyası məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, psixi pozğunluqdan əziyyət çəkən şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi daim diqqət mərkəzində saxlanılmışdır.

Muxtar respublikada psixi xəstəliyi olan şəxslərin müayinə və müalicəsi Y.Budaqov adına Naxçıvan Psixi Xəstəliklər Dispanserində  yüksək səviyyədə təmin edilir.

Azərbaycan Respublikası pxisi xəstəliyi olan şəxslərin hüquqları haqqında qəbul edilmiş BMT Baş Assambleyasının 46/119 saylı 17 dekabr 1991-ci il tarixli "Psixi xəstəlikləri olan şəxslərin müdafiəsi prinsipləri və psixiatriya yardımının yaxşılaşdırılması haqqında" və "İşgəncələrin, qeyri-humanist, yaxud təhqiredici rəftarın və ya cəzanın qarşısının alınması" haqqında Avropa Konvensiyası kimi beynəlxalq aktlara qoşulmuşdur.

Həmçinin, Azərbaycanın Respublikası Ümumdünya Psixiatriya Assosiasiyasına üzv olarkən "Psixiatriya praktikasında etik standartlar" üzrə 25 avqust 1996-cı il tarixli Madrid Bəyannaməsi imzalanmışdır. Bununlada psixatiriya yardımı haqqında milli qanunvericiliyimiz beynəxlaxq qanunvericiliyə uyğunlaşdırılmış və hazırda tətbiqi də beynəlxalq və milli qanunvericiliyin tələbləri əsasənda  həyata keçirilir.

Psixi pozğunluğu olan şəxslərə yardım edilməsi və həmin şəxslərin hüquq və maraqlarının qorunması məqsədilə “Psixiatriya yardımı haqqında” və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.

“Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununa əsasən psixoloji yardım – psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlərdir.

      Psixoloji yardımın növləri aşağıdakılardır:

  • psixoloji profilaktika və maarifləndirmə – psixoloji problemləri yaradan amillər və şəraitlər haqqında məlumatlandırma.
  • psixoloji konsultasiya – şəxsin psixoloji problemlərini başa düşməsi və həll etməsi üçün göstərilən yardım prosesidir.
  • psixoloji dəstək – şəxsin adaptasiya qabiliyyətinə təsir edə biləcək psixoloji problemlərin aşkar edilməsi və qarşısının alınmasıdır.
  • psixoloji müayinə (diaqnostika) – şəxsin normal həyat ahəngini pozan, onun davranış və münasibətlər sisteminə təsir edən psixoloji problemlərinin öyrənilməsi və göstəriləcək psixoloji yardımın növünü, formasını və həcmini düzgün müəyyən etmək məqsədi ilə psixoloji yardım alan şəxsin fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsidir.
  • psixoterapiya – psixoloji metodlardan istifadə edərək psixi pozuntuların müalicəsidir
  • psixoloji reabilitasiya və psixoloji korreksiya – psixi sağlamlıq problemləri olan şəxsin psixososial uyğunlaşması və səmərəli sosial davranışının bərpa olunması və ya inkişafıdır.
  • psixoloji treninq (psixoloji təlim) – psixologiya sahəsi ilə əlaqəli olan yeni biliklərin, vərdişlərin və münasibətlərin inkişafına yönəlmiş aktiv öyrənmə üsuludur.

 Psixoloji yardım aşağıdakı formalarda həyata keçirilir:

-psixoloji yardım alan şəxslə mütəxəssis arasında qarşılıqlı əlaqənin formasından asılı olaraq - bilavasitə və vasitəli (telefon, internet və digər texniki vasitələrdən istifadə etməklə).

-iştirakçıların sayından və tərkibindən asılı olaraq – fərdi, ailə, qrup şəklində.

-davam etmə müddətindən asılı olaraq – təcili, birdəfəlik, qısamüddətli (12 məşğələyə qədər), uzunmüddətli (12 məşğələdən çox).

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Sadiq Babayev çıxış edərək psixoloji yardım sahəsində dövlətin vəzifələri, psixoloji yardım alan şəxslərin hüquqları və vəzifələri haqqında məlumat vermişdir

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.