10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür

2022-10-10 / 14:30:05

        Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2022-ci il ərzində həyata keçiriləcək hüquqi maarifləndirməyə dair “Tədbirlər Planı”na əsasən 10 oktyabr 2022-ci il tarixində Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində “10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü”  ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri girişi sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov bildirmişdir ki, hər il oktyabrın 10-u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir. Bu günün qeyd olunmasının əsas məqsədi psixi sağlamlığın əsas problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimayyətin məlumatlılığının artırılmasıdır.

Sağlamlığın ayrılmaz və əsas sahələrindən olan psixika hər kəsin öz bacarıq və potensialını nümayiş etdirməyə, adi həyat stresini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır.

Psixi xəstəliyi olan şəxslərin müayinəsi, müialicəsi həmçinin, bu xəstəlikdən əziyyət çəkən şəxslərin əsas hüquq vəzifələri “ Psixoloji yardım haqqında” və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası qanunları ilə tənzimlənir.

Muxtar respublikamızda bu xəstəliyi olan şəxslərin ətraflı müayinə və müalicəsi üçün hər cür şərait yaradılmışdır.

 Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Sadiq Babayev çıxış edərək psixi xəstəliyi olan şəxslərin əsas hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin tələbləri haqqında məlumat vermişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.

 Naxçıvan Muxtartar Respublikasının  Səhiyyə Nazirliyi.