Kollecdə müasir tədris şəraiti yaradılması ixtisaslı kadr hazırlığında yeni mərhələ açır

2018-09-21 / 12:26:44

Bu günlər kollektivimizin hər bir üzvü bayram əhvali-ruhiyyəsi içərisindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab V.Talbovun iştirakı ilə Tibb kollecinin əsaslı təmir və yenidənqurma işlərindən sonra cari iln sentyabr ayında istifadəyə verilməsi bizim hər birimizdə qürur və iftixar hissi doğurub. Hər birimiz sevinirik ki, həyata keçirilən bu möhtəşəm tədbirlər səhiyyə müəssisələrinə kadr hazırlığında yeni mərhələ açmaqla yanaşı, həm də pedaqoji kollektivin iş şəraitinin yaxşılaşdırılmasına, tələbələrin isə maddi-texniki bazası möhkəmləndirilmiş bir tədris müəssisəsində təhsil almalarına  şərait yaratmasına xidmət edir.

1931-ci ildən fəaliyyət göstərən bu kollecin orta ixtisaslı tibb mütəxəssislərinin  hazırlanmasında,  səhiyyənin və tibbin inkişafında özünəməxsus yeri vardır. Kolleci bitirən 8 mindən çox məzun muxtar respublikada əhalinin sağlamlığının keşiyində dayanmışdır. Bu iş bu gün də davam etdirilir. Hazırda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki qurumlardan olan Tibb Kolleci orta ixtisas təhsil müəssisəsi kimi təhsilin və səhiyyənin  inkişafına öz töhfəsini verməyə çalışır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  “Naxçıvan Tibb Məktəbinin 70 illik yubileyinin keçirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması haqqındaˮ 17 may 2001-ci il tarixli Sərəncamı  Tibb Kollecinin tarixində yeni mərhələ açmış, kollecin 70 illik yubileyi geniş qeyd olunmuş, müasir tədris şəraiti yaradılmışdır.

                                                                                                              

804Cari ilin avqust ayında başa çatan əsaslı təmirdən sonra yeni görkəm alan kollecin binası zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarətdir. Yenidənqurma işləri zamanı binanın bünövrəsi möhkəmləndirilmiş, fasadı yenilənmiş, müasir tədris şəraiti yaradılmışdır. Kollecdə kimya, farmokologiya və mikrobiologiya laboratoriyaları, anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinələri, müayinə otağı, kitabxana, iclas zalı, müəllimlər otağı, Heydər Əliyev lektoriyası, şahmat sinfi, 13 auditoriya və 9 mühazirə zalı, hərbi kabinə, idman zalı, bufet və arxiv vardır. Laboratoriyalar müasir avadanlıqlarla təmin edilmişdir. Auditoriyalarda quraşdırılan elektron lövhə və proyektorlar distant dərslərin keçirilməsinə, o cümlədən elektron dərsliklərdən istifadəyə     imkan         verir.

Anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinələrində nəzəri biliklərin praktik formada möhkəmləndirilməsi üçün lazımi şərait yaradılmış, tibbi avadanlıqlar qoyulmuşdur. Kitabxana fondunda 1154-ü tibbi və 3683-ü bədii ədəbiyyat olmaqla 4837 kitab vardır. Həmçinin kollecdə elektron dərslik bazası da yaradılmışdır. Kompüter otaqlarında isə internetə çıxışı olan 48 kompüter qoyulmuş, elektron imtahan proqramı quraşdırılmışdır. Bu da imtahanların elektron formada aparılmasına imkan verəcəkdir.

Kollecdə orta ixtisaslı kadrların hazırlanması artıq 8 ixtisas üzrə aparılır. Burada fəaliyyət göstərən fənn birləşmə komissiyaları,  kabinə rəhbərləri, tyutor və qrup rəhbərləri tərtib olunmuş  plan əsasında işləyir, kollecin ictimai həyatında, tədbirlərdə, dərnəklərdə tələbələrin fəal iştirakı təmin edilir, təlim-tərbiyə, dərsə davamiyyət, təcrübə dərslərinin vəziyyəti, semestr və dövlət imtahanlarına hazırlığın təşkili və digər məsələlər  müzakirə edilir.

Müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəblərdə olduğu kimi kollecimizda də distant və interaktiv təhsilin təşkilinə, elektron vasitələrdən istifadəyə geniş yer verilir. Kollecin müəllimləri  tərəfindən  il  ərzində Naxçıvan  şəhərində, muxtar respublikanın müxtəlif rayon və kəndlərində yerləşən tam orta məktəblərdə ayda bir dəfə nümunəvi dərslər keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ‟Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar kollecdə tələbələrin təcrübi tibbi biliklərinin daha da yaxşılaşdırılması məqsədilə onların dərslərdən sonra tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə tibbi vərdişlərə yiyələnməsi işi davam etdirilir.

İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə  Naxçıvan Tibb Kollecinin 24 nəfərdən ibarət müəllim və tələbə heyəti ildə bir dəfə Türkiyə Respulikasının  Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu liseyində bir aylıq təcrübə mübadiləsi keçirlər.

Müəllim və tələbə heyətimiz Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş beynəlxalq konfranslarda və müxtəlif seminarlarda mütəmadi iştirak edir. Kollecdə  müvafiq ixtisaslar üzrə təkmilləşdirmə kurslarının təşkili işi də günün tələbləri səviyyəsində qurulmuşdur.Belə ki, Səhiyyə nazirliyinin göndərişi ilə tibb müəssələrində müxtəlif  ixtisaslar üzrə çalışan orta tibb işçiləri təkmilləşdirmə kursunda iştirak edirlər.

Kollecdə elektron təhsilin təşkili ilə bağlı tədbirlər müəyyənləşdirilmiş, muzeylərlə kollec arasında interaktiv əlaqələr yaradılmışdır.Nəticədə muzeylərdə,  Naxçıvanşünaslıq Mərkəzində keçirilən dərslərdə kollec tələbələrinin iştirakı təmin olunur.Tələbələrin bilik  və  yaradıcılıq qabiliyyətlərinin  artırılması, onlarda vətəndaşlıq mövqeyinin formalaşdırılması və vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə kollecdə Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.

Kollecdə oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmış, 2018-ci ildə Naxçıvan Tibb Kollecinin loqosu hazırlanmış və internet saytı istifadəyə verilmişdir.

Müasir dövrdə mənəvi dəyərlərin bərpasının aktuallıq qazandığı bir dövrdə cəmiyyətin əsas hərəkətverici qüvvəsi kimi gənc nəslin sağlam, bilikli, və vətənpərvər ruhda böyüməsi daim diqqət mərkəzində saxlanılmalı, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunmalıdır. İdman və bədən tərbiyyəsi gənclərin fiziki inkişafında və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Naxçıvan Tibb Kollecinin tələbələri muxtar respublikanın müxtəlif nazirlik, idarə və təkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal  İdman Növləri Federasiyasının keçirdiyi yarışlarda idmançılarımız komanda hesabında qaliblər sırasında olmuşdur. Bəhruz Kəngərli  adına sərgi salonunda keçirilmiş rəsm, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş hüquq, Naxçıvanın turizm imkanları, “Ailə dəyərlərimiz film və fotolarda” müsabiqələrində, gənclərin “Yay məktəbi”ndə, “ Xəmsə ”  intellektual  oyununda, ali  və orta ixtisas təhsili müəsisələrinin  tələbələri arasında keçirilmiş stolüstü tenis,üzgüçülük yarışlarında, əl işlərinin sərgisində       Naxçıvan Tibb Kollecinin tələbə və müəllim heyəti layiqincə təmsil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Tibb kollecinin əsaslı yenidənqurma işlərindən sonra açılışında demişdir ki, həkim və orta tibb işçilərinin hazırlanmasına xüsusi diqqət yetirilməsi əhalinin sağlamlığına xidmət etməklə yanaşı, eyni zamanda ölkəmizin gələcəyinə hesablanmışdır. Çünki hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər.

Biz kollecdə yaradılmış müasir şəraitə görə ölkə başçısına, muxtar respublika rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Hesab edirik ki, Naxçıvan Tibb Kollecinin binasının yenidənqurma və əsaslı  təmirdən sonra istifadəyə verilməsi bu tədris müəssisəsi qarşısında yeni üfüqlər açır. Pedoqoji kollektivimiz bundan sonra da qarşıya qoyulan vəzifələri rəhbər tutaraq tədrisin keyfiyyətinə nəzarəti gücləndirəcək, fənn laboratoriyalarından və informasiya texnologiyalarından səmərəli istifadə edəcəkdir. Məqsədimiz  bundan sonra da Azərbaycan,  Naxçıvan  səhiyyəsi üçün yüksək ixtisaslı, peşəkar,  insanların sağlamlığının keşiyində layiqincə dayanan, vicdanlı və məsuliyyətli kadrlar hazırlamaqdır.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti