“Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müəssisəsinə aparılması və bu sahədə milli qanunvericiliyin tələbləri” mövzusundan tədbir keçirilmişdir

2022-09-09 / 12:52:21

     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2022-ci il ərzində həyata keçiriləcək hüquqi maarifləndirməyə dair “Tədbirlər Planı”na əsasən 07 sentyabr 2022-ci il tarixində Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində “Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixatiriya müəssisəsinə aparılması və bu sahədə milli qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri girişi sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov bildirmişdir ki, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixatiriya müəssisəsinə aparılması Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 36-cı fəsilində göstərilən  əsasları üzrə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 335-ci maddəsinə əsasən (Ərizənin verilməsi) şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. Ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir. Psixiatriya müəssisəsinin rəhbərliyi tərəfindən ərizə verildikdə, ərizəyə həkim-psixiatr komissiyasının əsaslandırılmış rəyi də əlavə edilməlidir.

Şəxs psixiatriya stasionarında yerləşdirildikdə onun qeyri-könüllü yerləşdirilməsi barədə ərizə şəxsin psixiatriya stasionarına yerləşdirildiyi andan 48 saat ərzində verilməlidir.

Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizəyə hakim iş başlanılan vaxtdan 5 gün ərzində baxmalıdır. İşə baxıldıqda onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə bilər. Həmçinin, ərizəyə baxılmasında təşəbbüsü ilə iş başlanmış psixiatriya müəssisəsi nümayəndəsinin və həmin müəssisədə yerləşdirilməsi haqqında məsələ həll olunan şəxsin nümayəndəsinin iştirakı məcburidir.

Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır.

“Psixatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanunun 29-cu maddəsinə əsasən psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs həkim-psixiatr komissiyasının rəyi və ya hospitallaşdırma müddətinin uzadılmasından imtina edilməsi barədə məhkəmə qətnaməsi əsasında psixiatriya stasionarından çıxarılır.

Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Təhminə Ələkbərov çıxış edərək məcburi və qeyri-könüllü hospitallaşdırılmış şəxslərin əsas hüquq və vəzifələri haqqında geniş məlumat vermişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti