Muxtar Respublika ərazisində Aşura günü ilə əlaqədar olaraq qanvermə aksiyası haqqında ümumi MƏLUMAT

2022-08-08 / 16:41:54

Naxçıvanda Aşura günü qanvermə aksiyaları xəstəxanalarda təşkil edilib

Məhərrəm ayının 10-cu günü – Aşura İslam tarixinə İmam Hüseyn və tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olmuşdur. İmam Hüseyn islahatçı olmuş, insanları doğruya dəvət etmiş, bu yolda öz həyatını və yaxınlarını qurban vermişdir. Bu mənada, Aşura mərasimləri yalnız yas tutmaq deyil, həm də İmam Hüseynin yolunun davam etdirilməsi, İslam dininə sadiqlik deməkdir.

 – Aşura günü muxtar respublikada keçirilən Aşura mərasimlərində də insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olmuş, könüllü qanvermə aksiyaları keçirilmiş, ehtiyacı olanlara həyat verilmişdir.

Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları ötən il olduğu kimi bu il də pandemiya səbəbindən məscidlərdə deyil, səhiyyə müəssisələrində- Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Diaqnostika-Müalicə Mərkəzində, rayon mərkəzi xəstəxanalarında, eləcə də Culfa rayonu Bənəniyar kənd həkim ambulatoriyasında, Sədərək rayonu Dəmirçi kənd həkim ambulatoriyasında, Babək rayonu Qahab Zeynəddin kənd həkim ambulatoriyalarında, Cəhri, Nehrəm qəsəbə sahə xəstəxanalarında təşkil olunub. Sosial məsafə gözlənilməklə sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim briqadaları əvvəlcə donorlar koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün müayinələr aparıb, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Dindarlar sivil qaydada, könüllü olaraq qanvermə aksiyasında iştirak ediblər.

Günorta saatlarınadək davam edən aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasında 107 nəfərdən 53,5, Diaqnostika-Müalicə Mərkəzində 73 nəfərdən 36,5, Ordubad rayonunda 41 nəfərdən 20,5, Şərur rayonunda 56 nəfərdən 28, Sədərək rayonunda 50 nəfərdən 25, Dəmirçidə 26 nəfərdən 13, Şahbuz rayonunda 28 nəfərdən 12,5, Kəngərli rayonunda 30 nəfərdən 15, Babək Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərdən 10,5, Zeynəddin kəndində 34 nəfərdən 17, Qahabda 16 nəfərdən 8, Nehrəmdə 19 nəfərdən 9,5, Cəhridə 10 nəfərdən 5, Culfa Rayon Mərkəzi Xəstəxanasında 29 nəfərdən 14,5, Bənəniyarda 50 nəfərdən 25 litr qan tədarük edilib.

Bütövlükdə 590 nəfərdən götürülən 293,5 litr qan qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Diaqnostika-Müalicə Mərkəzinin Qan Banklarına təhvil verilib.

Naxçıvan Muxtar Respublikasının

Səhiyyə Nazirliyi