“Birləşmi Millətlər Təşkilatının qəbul etdiyi 1989-cu il tarixli uşaq hüquqları haqqında Konvensiyanın milli qanunvericilikdə təsbiti” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib

2022-07-29 / 09:52:10

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən təsdiq edilmiş 2022-ci il ərzində həyata keçiriləcək hüquqi maarifləndirməyə dair “Tədbirlər Planı”na əsasən 28 iyul 2022-ci il tarixində Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində “Birləşmi Millətlər Təşkilatının qəbul etdiyi 1989-cu il tarixli uşaq hüquqları haqqında Konvensiyanın milli qanunvericilikdə təsbiti” mövzusunda hüquqi maarifləndirmə  tədbiri keçirilib.

Tədbiri girişi sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov bildirib ki, Azərbaycan Respublikasının Konistutsiyasına əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin himayəsindədir. Uşaqların qayğısına qalmaq və tərbiyə etmək valideyinlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideyn himayəsindən mərhum olan uşaqlar isə dövlətin himayəsindədir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1989-cu ildə “Uşaq hüquqları haqqında Konvensiyası” qəbul edilmişdir. Bu konvensiyada uşaqların xüsusi qayğıya və köməyə hüququ olduğunu, cəmiyyətin əsas özəyi kimi və ailənin bütün üzvlərinin, xüsusilə uşaqların inkişafı və rifahının, uşaqların şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, xoşbəxtlik, məhəbbət və anlaşma mühitində böyüməsinin təmin olunmalı olduğu təsbit edilmişdir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası"na, 2002-ci ildə isə bu Konvensiyanın iki əlavə protokoluna qoşulmuş və bu beynəlxalq sənədlər əsasında öz milli qanunvericilik aktı olan “Uşaq Hüquqları haqqında” Qanunu qəbul edilmişdir.

Bu gün muxtar respublikada uşaq əhalisinin hüquqlarının həyata keçirilməsi yüksək səviyyədə təmin olunmuşdur, onların sağlam bir şəkildə yetişməsi üçün hər cür şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Dövlət proqramına əsasən muxtar respublikada uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılması üçün bir çox tədbirlər həyata keçirilmişdir.

Muxtar respublikada uşaq əhalisinin sağlam bir şəkildə böyüməsi üçün Doğum Mərkəzi, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, Şərur Rayon Uşaq Xəstəxanası, Ordubad Rayon Uşaq Xəstəxanası, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi kimi tibb müəssisələri fəaliyyət göstərir. Bu və digər tibb müəssisələrində uşaq əhalisinə yüksək səviyyədə tibbi xidmət göstərilməkdədir.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Sadiq Babayev çıxış edərək uşaq hüuqularının həyata keçirilməsi ilə əlaqədar valideyinlərin və aidiyyəti şəxslərin əsas vəzifələri, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Preventiv qrupu tərəfindən Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində başçəkmələrin hansı hallarda və neçə həyata keçirilməsi haqqında məlumat vermişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti