“Psixi pozuntusu olan şəxslərə psixatiriya yardımının göstərilməsi və həmin şəxslərin sosial müdafiəsinin təmin edilməsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilmişdir

2022-07-25 / 16:30:45

 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2022-ci il ərzində həyata keçiriləcək hüquqi maarifləndirməyə dair “Tədbirlər Planı”na əsasən 25 iyul 2022-ci il tarixində Yaqub Budaqov adına Naxçıvan Psixi Xəstəliklər Dispanserində  “Psixi pozuntusu olan şəxslərə psixatiriya yardımının göstərilməsi və həmin şəxslərin sosial müdafiəsinin təmin edilməsi” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri girişi sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov bildirmişdir ki, Azərbaycan Respublikası Konstitsuyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən psixi pozuntu (xəstəlik) dedikdə sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış formasıdır.

Psixi pozuntusu olan şəxslərin psixi vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və profilaktikasını, psixo-sosial reabilitasiyasını həyata keçirmək üçün psixiatriya yardımı göstərilir.

Muxtar respublikada belə xəstəliyi olan xəstələrə psixiatriya yardımı ixtisaslaşdırılmış tibb müəssisəsi olan Yaqub Budaqov adına Naxçıvan Psixi Xəstəliklər Dispanseri tərəfindən həyata keçirilir.

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən psixi pozuntusu olan şəxslərin  hospitallaşdırması könüllü, qeyri-könüllü və məcburi olmaqla üç formada həyata keçirilir.

Qeyri-könüllü hospitallaşdırma dedikdə qanunvericiliyə uyğun müəyyən edilmiş əsaslar olduqda, cinayət törətməmiş ağır psixi pozuntusu (xəstəlik) olan şəxsin onun iradəsindən asılı olmayaraq “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsidir.

Məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) dedikdə isə anlaqsız vəziyyətdə cinayət törətmiş və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş, yaxud anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsidir.

Səbuhi İbrahimov çıxışında psixi pozuntusu olan şəxslərin müayinə və müalicəsində iştirak edən tibb işçilərinin əsasə vəzifələri, həmin şəxslərin müayinə və müalicəsində qanunvericiliyin tələbləri haqqında geniş məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı İsa Əliyev öz çıxışında qeyri-könüllü və məcburi hospitallaşdırması aparılmış şəxslərin hüquq və vəzifələri,  həmin şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adabtasiyası üçün görülən tədbirlər haqqında məlumat vermişdir. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti