Alkoqolizmə və narkomaniyaya düçar olmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adabtasiyası

2022-06-14 / 14:48:09

 

 

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2022-ci il ərzində həyata keçiriləcək hüquqi maarifləndirməyə dair “Tədbirlər Planı”na əsasən 14 iyun 2022-ci il tarixində Y.Budaqov adına Naxçıvan Psixi Xəstəliklər Dispanserində  “Alkoqolizmə və narkomaniyaya düçar olmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adabtasiyası” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri girişi sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov bildirmişdir ki, alkoqolizm və narkomaniya tək bir ölkənin deyil, bəşəriyyətin problemidir. Səhiyyə ocaqları, təhsil sistemi, idman təşkilatlarının birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq bu problemin qarşısını almağa qadirdir. Muxtar respublikamızda alkoqolizm və narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılmışdır. Həmin şəxslərin müayinə və müalicəsi Y.Budaqov adına Naxçıvan Psixi Xəstəliklər Dispanserinin aidiyyəti şöbələri tərəfindən həyata keçirilir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"da narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi və.s. digər tədbirlər nəzərdə tutulmuşdur. Səbuhi İbrahimov çıxışında alkoqolizm və narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin müayinə və müalicəsi zamanı tibb müəssisələri ilə hüquq-mühafizə orqanları arasında fəaliyyətin necə qurulduğu, “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında” Nazirlər Kabinetinin qərarına əsasən necə həyata keçirildiyi haqqında məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vahidə Bayramova çıxış edərək icbari tibbi müayinə və müalicə tədbirlərinə cəlb edilmiş şəxslərin hüquq və vəzifələri, həmin şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adabtasiyası üçün görülən tədbirlər haqqında məlumat vermişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.