Naxçıvanda Milli Qurtuluş Gününə həsr edilmiş Azərbaycan kardioloqlarının regional konfransı keçirilib

2022-06-14 / 14:49:18

   İyunun 11-də Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə "15 iyun-Milli Qurtuluş Günü"nə həsr edilmiş Azərbaycan kardioloqlarının növbəti regional konfransı keçirilib. İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

 Naxçıvan Muxtar Respublika Xəstəxanasının Konfrans zalında davam etdirilən konfransda Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvləri, muxtar respublikanın tibb işçiləri və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin rezident və tələbələri iştirak edib.

  Konfransın keçirilməsində məqsəd kardioloqların bu sahədə biliklərini artırmaq və dünya kardiologiya elminin nailiyyətlərini təbliğ etmək, ürək-damar xəstəliklərinin yayılması səbəblərini öyrənmək, kardioloqların peşəkarlıq səviyyəsini artırmaq, Azərbaycan kardioloqları ilə Avropa və digər ölkələrin kardioloqları arasında əməkdaşlığın inkişafına kömək etmək olub.

   Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda, eləcə də Naxçıvanda bütün sahələr inkişaf etdirilib. Ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub.

Nazir Naxçıvanda səhiyyə sisteminə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışaraq bildirib ki, muxtar respublikada aparılan genişmiqyaslı islahatlar nəticəsində bu gün muxtar respublika əhalisi sağlamlıqlarının təmin olunması üçün ən yüksək qayğı ilə təmin olunurlar. Muxtar respublikamızın səhiyyə müəssisələrinin müasir tələblər əsasında qurulması və zəngin maddi-texniki baza ilə təchiz olunması əhalinin sağlamlığının qorunması üçün lazımi tibbi təminatın təşkilinə şərait yaradır. Yaradılan şəraitdən Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzinə də pay düşmüş, Mərkəzin binası ən müasir tibbi avadanlıqlarla, eləcə də son illərdə ürək-damar xəstəliklərinin diaqnostikasında geniş tətbiq olunan Angioqrafiya aparatı ilə təchiz edilmişdir. Hansı ki, sözügedən Angioqrafiya apratı son illər ürək-damar xəstəliklərində dəqiq diaqnoz qoymaq, infarktın qarşısının alınması üçün stendqoyma baxımından ən vacib müayinə metodu sayılır. Hazırda muxtar respublikada qeydiyyatda 15 mindən çox (15140) insan ürək-damar xəstəliyindən əziyyət çəkir. Xəstələrin sağalması istiqamətində yeni müalicə üsulları, dərmanlar araşdırılıb tətbiq olunur.

          Nazir qeyd edib ki, muxtar respublikada səhiyyənin inkişafı üçün ölkənin, eləcə də xarici ölkələrin tibb müəssisələri ilə əlaqələr genişləndirilir, tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə mütəmadi olaraq muxtar respublikaya yüksəkixtisaslı həkim heyəti dəvət olunaraq yerli kadrlarla müxtəlif tibbi aksiyalar, ölkə və beynəlxalq səviyyəli elmi konfranslar, bilik və təcrübə mübadiləsi seminarları təşkil edilir. Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq hər il muxtar respublikada kardioloqların regional konfransının keçirilməsi artıq ənənə halını almışdır.

          Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzində yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, artıq muxtar respublikada ürək-damar xəstəliklərinin müayinəsi, konservativ müalicəsi ilə yanaşı, cərrahi əməliyyatlar da yüksək səviyyədə aparılır. Bu istiqamətdə görülən işlər isə əhalinin tibbi tələbatının ödənilməsinə şərait yaradır ki, bu da insan amilinə verilən dəyərin parlaq ifadəsidir.

          Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov çıxış edərək bildirib ki, Kardiologiya Cəmiyyətinin əsas məqsədi Azərbaycan Respublikasında ürək-damar xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini dünya səviyyəsinə çatdırılmasına kömək etməkdən ibarətdir. İctimai Birlik bu məəqsədə çatmaq üçün müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər keçirir.

  Daha sonra Azərbaycan Kardiologiya Cəmiyyəti və YAP İdarə Heyətinin üzvü Tofiq Cavanşirov, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev ürək-damar xəstəlikləri barədə mühazirələr oxuyub, yeni müalicə metodlarından söhbət açıblar.

          Konfrans öz işini digər iştirakçıların mühazirələri ilə davam etdirib. Belə ki, Ruslan Nəcəfov “Dislipidemiya və Kardiovaskulyar risk”,  Cəmil Babayev “Yenilənmiş protokollar işığında dislipidemiyanın idarəsi”, Rafiq Yusifli “Triqliserid və ateroskleroz”, “Arterial hipertenziyası olan dislipidemiyalı pasientlərin idarə olunması”, Arif Cavadov “Hamiləlikdə hipertenziya”, Natəvan Tağızadə “Hamiləlik və kardiovaskulyar dərmanlar”, Gülanə Ağayeva ”Qapaq əməliyyatı olunmuş xəstələr və hamiləlik”, Sona Qəhrəmanova “Ürək-damar xəstəliklərinin müalicəsinə kompleks yanaşma”, Üzeyir Rəhimov “Xroniki böyrək çatışmazlığında antihipertensiv müalicə”, Fərid Əliyev “Ürək çatışmazlığı və sətrici aritmiyada nəbz və ritm kontrolu”, Rasim Cəfərov “Ürək çatışmazlığında dəmir defisiti – müalicədə hədəflər”, Mülayim Musayeva “HEREF müalicəsində yeni dərmanlar”,  Tofiq Cahangirov “HEREF müalicəsi varmı?”, Sara Əzizli “Kardiomiopatiyalarda mitral qapaq çatışmazlığının dəyərləndirilməsi” mövzusunda çıxış edib.

          Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov regional konfransın keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib, konfransın işinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti