“Nadir irsi metabolik xəstəliklər – 1-ci Tip İrsi Tirozinemiya” mövzusunda elmi-praktik seminar keçirilib

2022-06-09 / 16:59:44

    İyunun 9- Naxçıvan Muxtar Respublika Xəstəxanasının Konfrans zalında “Nadir irsi metabolik xəstəliklər – 1-ci Tip İrsi Tirozinemiya” mövzusunda seminar keçirilib. Seminarın keçirilməsində məqsəd nadir rast gəlinən Tirozinemiya xəstəliyinin müalicəsi, xəstəliyin yaranmasının qarşısının alınması və  xəstəlik zamanı qarşıya çıxan bəzi məsələlərin həlli istiqamətində görüləcək işlər haqqında müzakirələrin aparılması olub. Seminarda muxtar respublikanın tibb müəssisələrində fəaliyyət göstərən müxtəlif ixtisaslı – pediatr, neonotoloq, ginekoloq, hemotoloq, endokrinoloq ixtisaslı 60 həkim və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri iştirak edib.

Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva səhiyyə sahəsinə göstərilən dövlət qayğısından, tibb müəssisəələrində yaradılan müasir şəraitdən danışıb. Bildirib ki, muxtar respublikada insan sağlamlığına göstərilən qayğı səhiyyənin inkişafı istiqamətində atılan mühüm addımlarda, verilən qərarlarda öz əksini tapır. Bu sahədə aparılan islahatların nəticəsidir ki, muxtar respublikada tibb müəssisələrinin ifrastruktu yenilənir, köhnə tibb müəssisələri yeniləri ilə əvəz edilir, tibb müəssisələrinin müasir elmli tibbi kadrlarla təmin olunmasına diqqət göstərilir. Görülən işlərin davaı olaraq tibb işçiləri üçün müxtəlif seminar və konfranslar təşkil edilir ki, bu da tibbi kadrların ixtisasları üzrə elmi biliklərinin təkmilləşməsi ilə nəticələnir.

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının Baş həkimi Rəhim Rəhimov muxtar respublikada əhalinin bütün yaş təbəqələrinə, eləcə də uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan danışaraq bildirib ki, Naxçıvanda bütün kateqoriyadan olan uşaqların, eləcə də sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının təmin olunması istiqamətində mühüm işlər görülür. Bu istiqamətdə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramların icrası diqqətdə saxlanılır, muxtar respublikada olan uşaqların dispanser qeydiyyatı aparılır, uşaqlar mütəmadi müayinələrə cəlb edilir, lazımi tibbi yardım və müalicələri aparılır. 1-ci Tip İrsi Tirozinemiya haqqında da məlumat verən həkim bildirib ki, Azərbaycanda bu xəstəlikli 1 uşaq qeydiyyatdadır ki, o da Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda yaşayır. Nəzarətə alınan xəstəyə vaxtı-vaxtında profilaktik müayinələr, lazımi tibbi yardımlar və müalicələr icra olunur.

Daha sonra seminarda uşaq qastroenteroloqu uzmanı Anar Tağıyev “Uşaqlarda 1-ci Tip İrsi Tirozinemiya” mövzusunda, “Nobel İlaç Şirkəti” Medikal Mərkəzin direktoru həkim Aynur Qasımova isə “1-ci Tip İrsi Tirozinemiyanın müalicəsi - Nitisinon” mövzusunda məruzələr edib. Bildirilib ki,  1-ci Tip İrsi Tirozinemiya xəstəliyinə tutulan insanlarda ağıl zəifliyi, keratit (gözün buynuz qişasının iltihabı), dermotit, qaraciyər çatışmamazlığı kimi əlamətlərə rast gəlinir. Xəstəliyin müalicəsi isə yalnız Nitisinon dərmanının köməyi ilə aparılır.

Məruzəçilər “1-ci Tip Tirozinemiya” xəstəliyi ilə bağlı elmi araşdırmaları, həmçinin digər mühüm məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

                                                                                                                                                               Naxçıvan Muxtar Respublikası

                                                                                                                                                            Səhiyyə Nazirliyinin mətbuat xidməti