Muxtar respublikada ilk dəfə keçirilən sertifikasiya imtahanlarında iştirak edən tibb işçilərindən 91.7%-i yüksək nəticə ilə sertifikasiyadan keçib

2022-06-06 / 11:20:54

     Muxtar respublikada insan sağlamlığının əmanət edildiyi tibb işçilərinin daim öz ixtisaslarında təkmilləşmələri istiqamətində mühüm işlər görülmüş, səhiyyə sisteminin kadr potensialının artırılması, bu sahədə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi diqqətdə saxlanılmışdır. Həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyanın aparılması Qaydaları” təsdiq edilmişdir ki, Qaydalara əsasən Naxçıvanda ali və orta ixtisas təhsilli tibb işçilərinin işə qəbulu və sertifikasiyası müsabiqə yolu ilə həyata keçirilir. Sertifikasiyanın keçirilməsində əsas məqsəd tibb işçilərinin bilik səviyyəsinin, peşə hazırlığı və ümumi dünyagörüşünün müəyyən edilməsi, onların öz ixtisaslarına uyğun peşə yararlılığının yoxlanılması olub.  

4-23 may 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikada ilk dəfə keçirilən tibb işçilərinin sertifikasiyası test imtahanı formasında aparılıb. Sevindirici haldır ki, şəffaflıq prinsipi əsasında keçirilən sertifikasiyada iştirak etmək üçün qeydiyyatdan keçən 1856 tibb işçisindən 1780-i imtahanlarda iştirak etmiş, onlardan 1632-si, yəni 91.7%-i  müvafiq keçid balını (60 sualdan 40 və ya daha çox bal) toplayaraq müvəffəqiyyət qazanmışdır.   

Qanunvericiliyə uyğun olaraq tibb işçiləri peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Ali və orta ixtisas tibb təhsili müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri isə yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər. Qərara əsasən sertifikasiyadan keçmiş tibb işçiləri 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər. Sertifikasiyadan keçməyənlər isə 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində və ya iş yerində təcrübədə olmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədilə ixtisasları üzrə növbəti imtahanda iştirak etmək üçün müraciət etməlidirlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənir.

          Qeyd edək ki, müvafiq qərar əsasında muxtar respublikada iki dəfə tibb işçilərinin işə qəbulu müsabiqə yolu ilə aparılmış, bu günədək müvafiq keçid balını toplayan 74 nəfər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində işlə təmin olunmuşdur.

          Muxtar respublikada ilk dəfə olaraq keçirilən sertifikasiya imtahanlarında tibb işçiləri tərəfindən bu cür yüksək nəticənin əldə edilməsi çox sevindirici haldır. Bu nailiyyət həm də onu göstərir ki, muxtar respublikada tibb işçilərinə göstərilən xüsusi qayğıdan, bu səhədə fəaliyyət göstərən insanlara öz potensiallarını nümayiş etdirmələri üçün yaradılan hərtərəfli şəraitdən səmərəli istifadə olunur, əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə səy göstərilir. Əldə edilən uğurlu nəticə muxtar respublikada insan sağlamlığının əmanət edildiyi tibb işçilərinin təkcə rahat və əlverişli şəraitdə işləmələri deyil, eyni zamanda, onların müasir tibbi biliklərə yiyələnməri istiqamətində aparılan düzgün tədbirlərin birbaşa uğurlu nəticəsidir.

                    Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti