İmmunlaşdırma həftəsində növbəti dəfə 184 uşaq peyvəndə cəlb olunub

2022-06-03 / 16:32:06

            lumdur ki, orqanizmdə infeksion xəstəliklərə qarşı immunitet peyvənd sayəsində yaranır. Uşaqlarımızın bir çox infeksion xəstəliklərdən qorunmasında peyvəndlərin böyük rolu var. Peyvənd sayəsində orqanizmdə immun reaksiya formalaşır və gələcəkdə insan virus və bakteriyaya yoluxsa belə, immun sistemi onlarla mübarizəyə hazır olur. Qızılca, parotit, poliomiolit, hepatit B, su çiçəyi, yüngül infeksion xəstəlik kimi bilinsə də ağırlaşması zamanı qalıcı fəsadlar yarada bilən bir çox digər infeksion xəstəlikləri misal göstərmək olar ki, bu cür xəstəliklərə qarşı orqanizmin təbii müdafiə qüvvələrinin stimullaşdırılmasında və orqanizmin xəstəliyə qarşı daha effektiv mübarizəyə hazırlanmasında peyvəndolma vacib tədbirlərdəndir.

Muxtar respublikamızda da bu istiqamətdə - uşaqların sağlamlığının qorunması, onların hər hansı bir xəstəlik və ya infeksiyalara yoluxmasının qarşısının alınması istiqamətində mühüm işlər görülür, bütün uşaqlar həkim nəzarəti ilə peyvənd təqviminə əsasən vaxtı-vaxtında peyvəndə cəlb olunurlar. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri tərəfində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, immunlaşmanın əhəmiyyəti barədə valideynlərə ətraflı məlumatlar verilir.

Lakin çox təəssüflə qeyd etməliyik ki, bəzən valideynlər uşaqlarını peyvənd etdirməkdən imtina edirlər. Bir çox valideynlər hər hansısa yalan məlumatlara inanaraq, uşaqlarının peyvənd olunmasından imtina etməklə onları riskə məruz qoyurlar. Muxtar respublikamızda bu cür halların aradan qaldırılması istiqamətində də mühüm işlər görülür, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin illik iş planına uyğun olaraq şəhər və rayon xəstəxanalarında il ərzində qrafik əsasında immunlaşdırma ilə bağlı aksiyalar təşkil edilir, peyvənddən yayınanlar siyahıya uyğun olaraq peyvəndə cəlb edilir. Ənənəvi olaraq təşkil edilən immunlaşdırma həftəsində növbəti dəfə Naxçıvan şəhəri üzrə 107, Babək rayonu üzrə 23 , Şahbuz rayonu üzrə 5, Sədərək rayonu üzrə 1, Şərur rayonu üzrə 13, Kəngərli rayonu üzrə 22, Ordubad rayonu üzrə isə 13 olmaqla, ümumilikdə 184 uşaq QPM, HİB, OPV, PK, DT, GDT, İPV peyvəndlərinə cəlb edilib.

İnfeksion xəstəliklərə yoluxma hallarının azaldılması və ya bu cür xəstəliklərin yarada biləcəyi ağırlaşmaların qarşısının alınması məqsədilə keçirilən immunlaşdırma həftəsi çərçivəsində aparılan düzgün maarifləndirmə işlərinin nəticəsidir ki, peyvənddən yayınanların sayında azalmalar qeydə alınır, valideynlər uşaqlarının peyvənd olunmasında könüllü iştirak edirlər. Həmçinin immunlaşmada valideynlərə peyvəndolmanın əhəmiyyəti və immunlaşma sayəsində orqanizmdə yarana biləcək xəstəliklərin və hətta ölümün belə qarşısını almağın mümkünlüyü barədə məlumat verilir.

Qeyd edək ki, bütün dünyada yayılan COVİD-19 infeksiyasından ən çox əziyyət çəkən və ölüm sayının yüksək olduğu ölkələr sırasında peyvənddən imtina edən ölkələr üstünlük təşkil edir.                                                         

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti