2002-ci ilin ötən dövrü ərzində 40373 uşağın dispanserizasiyası həyat keçirilib

2022-06-02 / 10:40:32

 Sağlam uşaqlar sağlam cəmiyyətin təməlidir . Gələcəyimiz olan uşaqların sağlam böyümələri, onların düzgün formalaşaraq cəmiyyətdə xeyirli vətəndaş kimi yetişmələri dövlətimizin prioritet istiqamətlərindən biridir. Muxtar respublikada bütün sahələrdə, eləcə də səhiyyə sahəsində həyata keçirilən islahatlar Naxçıvanda tibbin sürətli inkişafı, əhalinin rifahının yüksəldilməsi və sağlam gələcəyimizin təmin olunması ilə nəticələnir ki, bu da insan sağlamlığına göstərilən diqqət və qayğının ən gözəl nümunəsidir. Səhiyyənin inkişafı üçün yaradılan hərtərəfli şərait muxtar respublikada bütün yaş təbəqələrindən olan əhalinin, eləcə də uşaqların sağlamlığının təmin olunmasına geniş imkanlar açır. Cəmiyyətimizin formalaşmasında əsas rol oynayan uşaqların istər təhsil aldıqları, istərsə də asudə vaxtlarında keçirdikləri zaman ərzində sağlam olmaları muxtar respublika rəhbərliyinin xüsusi diqqətindədir. Göstərilən qayğının nəticəsidir ki, Naxçıvanda bütün kateqoriyalardan olan uşaqların, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların yüksək səviyyədə təhsil almaları, onların asudə vaxtlarının səmərəli təşkili, ictimai həyatın bir çox sahələrində iştirakı üçün hər cür şərait yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqların vaxtı-vaxtında müayinə və müalicələri aparılır, onların cəmiyyətə inteqrasiyası və sosial statusunun bərpası istiqamətində ardıcıl tədbirlər görülür.

  “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiqi isə bu istiqamətdə aparılan məqsədyönlü tədbirlərin təşkilini daha da sürətləndirir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Proqramın icrası ilə əlaqədar mütəmadi olaraq uşaqların sağlamlığı istiqamətində əhəmiyyətli işlər görülür, sağlamlıq imkanları məhdud olan uşaqlar dispanser qeydiyyata alınaraq nəzarətə götürülür, uşaqların dərindən tibbi müayinəsi aparılır, daha dərin müayinə və müalicəyə ehtiyacı olan uşaqlar ixtisas həkimlərinə yönləndirilərək qeydiyyata alınır. Hamilələrin qeydiyyatı reyestrində mütəmadi olaraq həkim ambulatoriyalarında və Feldşer Mama məntəqələrində manitorinqlər keçirilir, rayon mərkəzi xəstəxanalarında və Doğum Mərkəzində həmin hamilələr reyestrə alınır, yenidoğulmuşlarda rast gəlinən anadangəlmə qüsurların vaxtında aşkar olunması məqsədilə müayinə və müalicələrin aparılması diqqətdə saxlanılır.

Muxtar respublika tibb müəssisələrində yaradılan hərtərəfli şəraitdən səmərəli istifadə edilərək əhalinin, eləcə də uşaqların tibbi müayinə və müalicələri yüksək səviyyədə aparılır, onların xəstəliklərinin vaxtında aşkar edilməsi məqsədilə dispanserizasiyası həyata keçirilir. Uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

Proqramın icrası cari ildə də diqqətdə saxlanılmış, muxtar respublikanın şəhər və rayonlarında uşaqlar qeydiyyata alınaraq dərindən tibbi müayinlərə cəlb olunmuş, dispanser nəzarətə alınan uşaqların müvafiq ixtisas həkimləri tərəfindən müayinəsi aparılmışdır. Təkcə 2022-ci ilin ötən dövrü ərzində Naxçıvan şəhəri üzrə 13671, Babək rayonu üzrə 4446, Şahbuz rayonu üzrə 1304, Sədərək rayonu üzrə 1823, Şərur rayonu üzrə 4749, Culfa rayonu üzrə 6262, Ordubad rayonu üzrə 4487, Kəngərli rayonu üzrə isə 3631 olmaqla, ümumilikdə 40373 uşağın dispanserizasiyası həyata keçirilmiş, 812 IX-XI sinif şagirdində profilaktik flüoroqrafik müayinələr, 16718 I-VI sinif şagirdində isə tuberkulin sınağı həyata keçirilmiş, xəstəliyə şübhəli uşaqlar Ağciyər Xəstəlikləri Dispanserinə müayinəyə göndərilmişdir. Proqramın icrası istiqamətində görülən işlərin davamı olaraq, dispanserizasiyanı həyata keçirən tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, onların müasir tibbi texnika və avadanlıqlardan istifadə qaydalarının yaxşılaşdırılması, əhali arasında xəstəliklərin profilaktikası məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq maarifləndirici seminarlar və tədbirlər təşkil edilir.

Keçirilən tədbirlərin davamı olaraq “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə muxtar respublikanın tibb müəssisələrində müxtəlif aksiyalar keçirilir. Belə aksiyalardan biri də Şərur Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində təşkil edilib. Aksiyanın təşkil edilməsində əsas məqsəd uşaqların sağlamlığının təmin edilməsi və tibbi müalicə və müayinəyə ehtiyacı olan uşaqlara hümanitar tibbi yardımın göstərilməsi olub. 31 may-1 iyun tarixlərində keçirilən aksiyada iştirak edən 40 uşağa pediatrik müayinə, 21 uşağa göz müayinəsi, 4 uşağa dəri zöhrəvi müayinə, 2 uşağa kiçik cərrahi əməliyyat icra edilib, 11 uşaqdan isə 28 laborator analiz götürülüb.

                                                                                                                                                                 Naxçıvan Muxtar Respublikası

                                                                                                                                                               Səhiyyə Nazirliyinin mətbuat xidməti