Səhiyyə müəssisələrinə işə qəbul edilmiş yeni kadrlar üçün kurslar təşkil edilib

2022-05-25 / 14:35:03

Muxtar respublikada bütün sahələr kimi səhiyyə sahəsinə də xüsusi diqqət və qayğı göstərilir, bu sahənin inkişafı istiqamətində mühüm addımlar atılır, yeni qərarlar verilir, dövlət proqramları qəbul edilir, tibb işçilərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Tibb sahəsində kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatların davamı kimi tibb işçilərinin işə qəbulunun müsabiqə yolu ilə aparılması muxtar respublikada səhiyyənin inkişafına öz töhvəsini verməkdədir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyanın aparılması Qaydaları”na uyğun olaraq muxtar respublikada tibb işçilərinin müsabiqə əsasında şəffaflıq yolu ilə işə qəbulu, daha bilikli kadrların seçilərək işlə təmin olunması insan sağlamlığına verilən dəyərin bariz nümunəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən tibb işçilərinin işə qəbulu üzrə növbəti müsabiqə keçirilib. İki mərhələdə aparılan müsabiqə nəticəsində 12-si həkim, 35-i isə orta tibb işçisi olmaqla, 47 nəfər müvafiq keçid balını toplayaraq muxtar respublikanın səhiyyə müəssisələrində işlə təmin olunub.

Yeni işə təyin olunan tibb işçilərinin nəzəri və praktik təcrübələrə yiyələnmələri məqsədi ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Mərkəzi Uşaq Xəstəxanası və Stomatoloji Xəstəxana publik hüquqi şəxslərində kurslar təşkil edilib. Təşkil edilən kurslarda gələcəyin orta tibb işçilərinə təyin olunduqları ixtisaslara uyğun vəzifələr haqqında ətraflı nəzəri və praktik təlimlər keçirilir. Qrafikə uyğun olaraq keçirilən kurslarda 47 nəfər (12 həkim, 35 tibb işçisi) ixtisasları üzrə kurslara cəlb edilib. Onu da qeyd edək ki, bu günədək keçirilən kurslarda ümumilikdə müsabiqə yolu ilə yeni işə təyin olunan tibb işçiləri üçün də kurslar təşkil edilmişdir ki, onlardan da 22-si həkim, 52-si isə orta tibb işçiləridir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin   müvafiq qərarına uyğun olaraq aparılan imtahanlarda bu günədək muxtar respublikanın tibb müəssisələri üzrə 830 vakand vəzifə çıxarılmışdır ki, həmin vəzifələrə ümumilikdə 330 namizəd sənəd vermişdir. Sənəd verənlərdən 319-u müsabiqənin birinci mərhələsində iştirak etmiş, onlardan 132-i müvafiq keçid balını toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdır. Birinci mərhələdən keçən namizədlərin ixtisasına uyğun bilik və peşə vərdişlərini müəyyən edən müsabiqənin ikinci mərhələsi – klinik tapşırıq hissəsindən müvafiq keçid balını toplayan 74 nəfər isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində işlə təmin olunmuşdur.

Yeni işə təyin olunan həkim və orta tibb işçiləri üçün təşkil edilmiş kursları başa vuran namizədlər sertifikatla təmin olunur.

                                                                                                      Naxçıvan Muxtar Respublikası

                                                                                                       Səhiyyə Nazirliyinin mətbuat xidməti