Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə tibbi aksiya və maarifləndirici tədbir keçirilib

2022-05-10 / 15:47:03

Naxçıvan Muxtar Respublika Xəstəxanası ulu öndər H.Əliyevin anadan olmasının 99 illiyi münasibətilə mayın  10-da növbəti  humanitar tibbi aksiya və maarifləndirici tədbir keçirib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən  tibbi aksiyadan əsasən hemofilyalı xəstələr yararlanıblar. 15 nəfər hemofilyalı xəstə heç bir kassa ödənişi etmədən, tibbi sığorta tələb olunmadan müxtəlif müayinələrdən keçirilib. Onlara zəruri dərmanlar verilib.

Aksiyadan yararlananlar göstərilən diqqət və qayğıya görə bu işin təşkilatçılarına minnətdarlıq edərək bütün bunları əhalinin sağlamlığına yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.

Aksiya çərçivəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin stomotologiya ixtisasında təhsil alan tələbələri və hemofiliya xəstələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Xəstəxananın Poliklinika şöbəsinin müdiri, həkim-stomatloq, üz- çənə cərrahı  Vüsal Əliyev bildirib ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə tibbi xidmətin səviyyəsini yüksəltmək üçün stomatoloji kabinə fəaliyyətə başlayıb.Xəstəxananın aidiyyəti bölməsində yerləşdirilən kabinədə qan xəstəliyindən əziyyət çəkənlərin müayinə və müalicəsi üçün dünya standartlarına cavab verən tibbi avadanlıqlar quraşdırılıb. Nəticədə, artıq stomatoloji problemləri olan və qan xəstəliklərindən əziyyət çəkən sakinlər başqa yerlərə üz tutmadan müalicə imkanı əldə edəcəklər.

Xəstəxananın hemofiliya şöbəsinin müdiri Leyla Bağırova bildirib ki, hemofiliya xəstəliyi irsi qan xəstəliyidir və bu xəstələrin qanında laxtalanma faktorların çatışmazlığı səbəbindən müxtəlif lokalizasiyalı qanaxmalar baş verir.Bu cür xəstələrə müxtəlif müalicələr tədbiq olunur və bununlada hemofiliyalı pasiyentlərimizin həyat keyfiyyətinin yaxşılaşmasına nail ola bilirik.Maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd vətəndaşlarımızın sağlamlığının qorunması üçün gələcəkdə tədqiqatların aparılması və irsi qan xəstəlikdən əziyyət çəkən vətəndaşlarımızın ağız boşluğunda olan problemlərin aradan qaldırılması və dişlərinin sağlamlığının qorunmasından ibarətdir.

Sonra hemofiliya xəstəliyi ilə bağlı slayd göstərilib, hemofiliyalı xəstələrin müayinə və müalicəsinin müasir metodları barədə maarifləndirici söhbətlər  aparılıb.

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti