Aksiya iştirakçıları ulu öndərin abidəsini ziyarət ediblər

2022-05-10 / 14:59:34

Mayın 10-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının  Naxçıvan Diaqnostika Müalicə Mərkəzində humanitar tibbi aksiya keçirən 23 nəfərdən ibarət yüksəkixtisaslı həkim heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu illiyi münasibətilə Naxçıvanda keçirilən tədbirlərdə iştirak ediblər. Onlar Naxçıvan şəhərinin Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsi tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsini ehtiramla yad ediblər.

Sonra heyət muzeyin ekspozisiyası ilə yaxından tanış olub, Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə dolğun məlumat əldə ediblər.

Muzeydə ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib. Muzeydə sərgilənən eksponatlar qonaqlar tərəfindən maraqla izlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlar Ulu öndərin zəngin və şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən videokompozisiyaya baxıblar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti