Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Naxçıvanda növbəti humanitar tibbi aksiyaya start verib

2022-05-06 / 16:17:20

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu  genişmiqyaslı  dövlət proqramları nəticəsində bu gün ölkə vətəndaşları səhiyyə sahəsində də ən yüksək xidmətlə təmin olunurlar. Bu istiqamətdə görülən işlərə muxtar respublikamızda da verilən töhfələr ölkəmizdə reallaşdırılan sosial siyasətə dəstək xarakteri daşıyır. Muxtar respublikamızın bütün bölgələrində səhiyyə müəssisələrinin ən müasir tələblər əsasında qurulması və zəngin maddi-texniki təminat əhalinin sağlamlığının qorunmasına ilə yanaşı, həm də humanitar tibbi aksiyaların təşkilinə şərait yaradır. 

                                 

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyətinin muxtar respublikaya dəvət olunaraq yerli kadrlarla humanitar tibbi aksiyalar keçirməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi, insan amilinə verilən dəyərin parlaq ifadəsidir.

Bu tədbirlərin davamı kimi Respublika Klinik Xəstəxanası ulu öndər H.Əliyevin anadan olmasının 99 illiyi münasibətilə mayın 6-da  Naxçıvan Diaqnostika Müalicə Mərkəzində növbəti humanitar tibbi aksiyaya start verib. Klinik xəstəxananın direktoru Azər İsmayılovun rəhbərliyilə 23 nəfərdən ibarət yüksəkixtisaslı həkim heyətində  pedatr, nevropatoloq, otolarinqoloq, uroloq, ümumi cərrah, ginekoloq və başqa yüksəkixtisaslı həkimlər təmsil olunurlar. Onlar şəhid ailələri, qazilər, qazi ailələri və aztəminatlı ailələri, eləcə də  müraciət edən hər bir vətəndaşın müayinə və müalicələrini kassa ödənişi olmadan təşkil edib və müvafiq tibbi təyinatlar veriblər.

Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Aksiya çərçivəsində Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin tibbi heyəti Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərir. Bu şəraitdən növbəti dəfə yararlananlar razılıqlarını ifadə edirlər.

Bütövlükdə, aksiyanın ilk günü 152 müayinə və 8 müxtəlif cərrahi əməliyyat aparılıb. Əməliyyat olunanlar həkim nəzarəti altındadır.

Humanitar tibbi aksiya mayın 11-dək  davam etdiriləcəkdir.    

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti