Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

2022-05-04 / 12:29:13

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aprel ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il 18 aprel tarixli Qərarı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nda və müavinətin ödənilməsi barədə müqavilə formasında dəyişiklik edilmişdir.

Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydaları”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən 2022-ci il mayın 1-dən etibarən Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır, yalnız tövsiyə edilir.

Eyni zamanda “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusun verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarının icrasının təmin edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2022-ci il 27 aprel tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrların “akademik” və “milli” statuslarına təqdim olunması Qaydası”na uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının işçilərinin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarına 50 faiz məbləğində əlavənin verilməsi həyata keçiriləcəkdir.

 Bundan başqa, Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarına əsasən “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə görə Dövlət məktəbəqədər təhsil müəssisəsinin Nizamnaməsi və onda edilmiş dəyişikliklər mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilirdisə, bundan sonra yalnız mərkəzi icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcəkdir. Məlumat üçün qeyd edək ki, bu funksiya Naxçıvan MuxtarRespublikasının Təhsil Nazirliyi tərəfindən aparılacaqdır. Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli Qərarı ilə “Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Müvafiq dəyişikliyə əsasən mədənisərvətlərin idxalı və ixracı zamanı şəhadətnamənin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.

 Nazirlər    Kabinetinin eyni tarixli digər Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi Qaydası”nda da dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən işsiz kimi qeydiyyata alınmış şəxslərə minimum sığorta ödənişinin təyin olunması üçün ən azı 35 ay sığorta stajına malik olma tələbinin, 30 ay ilə əvəz edilməsi nəzərdə tutulur. Belə ki, artıq sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin ediləcəkdir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının HüquqiAktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.