Aprel ayında Hepatit B virusuna qarşı peyvənd davam etdirilib

2022-04-29 / 12:37:39

Muxtar respublikada Hepatit B, C və qanla keçən virus xəstələrinin müayinəsi, müalicəsi və profilaktikası tədbirlərinin daha da yaxşılaşdırılması səhiyyə sistemində mühüm istiqamətlərdən birini təşkil edir. Bu məqsədilə  həm obliqat, həm də risk qrupuna daxil olan ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələrinin işçiləri, hemodializ xəstələrinin,   yenidoğulanlar və uşaqların virus B hepatitindən qorunması üçün immunizasiya tədbirlərinin səmərəli təşkilinə nəzarət daha da artırılmışdır. Cari ildə  Muxtar respublikada hepatit və qanla keçən infeksiyon xəstələrə göstərilən    tibbi xidmətin  vəziyyətinin yoxlanılmış, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya iclasında müzakirə edilərək müvafiq qərar qəbul olunmuşdur. Üç turdan ibarət olan vaksinasiyanın birinci turu  cari ilin yanvar ayından aparılır. İkinci tur birincidən iki ay sonra, üçüncü turu ikincidən 6 ay, revaksinasiya isə beş il  sonrakı müddətdə həyata keçirilir.

Həm obliqat, həm də risk qrupuna daxil olan tibb işçilərinə, dializ xəstələrinə bu il aprel ayında 50 doza birinci, 362 doza ikinci doza hepatit B vaksini vurulmuşdur. Vaksinasiyadan əvvəl tibb işçiləri terapevt və laborator müayinələrindən keçirilib, qan nümunələrinin hepatit B-yə görə seroloji diaqnostikası aparılmışdır.

Xatırladaq ki, muxtar respublikada ilk dəfə belə aksiya 2007-ci ildə, ikinci dəfə isə 2012-ci ildə Naxçıvan şəhərindəki cərrahi, ginekoloji və stomatoloji xidmətlə məşğul olan tibb müəssisələrində həyata keçirilib. Həmin müddətdə cərrahların, ginekoloqların, stomatoloqların və digər tibb işçilərinin böyük bir qrupu hepatit B vaksini ilə peyvəndə cəlb olunublar. 2007-ci ildə peyvənd alan tibb işçilərinin hamısı 2012-ci ildə revaksinasiya edilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti