Şagirdlər arasında tuberkulin test sınağı başa çatıb

2022-04-29 / 12:32:33

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq şəhər və rayonlarda yerləşən məktəblərdə ilkin vərəm intoksikasiyasının erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb edilməsi üçün I-VI sinif şagirdləri arasında aprel ayının 1-dən   aparılan kütləvi tuberkulin test sınaqları başa çatıb. Sınaqların mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə ərazi prinsipi üzrə bir həkim, iki tibb işçisindən ibarət xüsusi briqadalar yaradılıb, 14 min 675  nəfər I-VI sinif şagirdi tuberkulin testinə cəlb edilb.

Tuberkulin sınağı insan orqanizmi üçün tam təhlükəsiz sayılır. Sınağın nəticəsi 72 saatdan sonra həkim tərəfindən qiymətləndirilir. Şübhəli və   müsbət reaksiyalı şagirdlərin dərin ftiziatr müayinəsinə cəlb olunması işi təşkil edilir. Zərurət yarandıqda, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində müalicəsi aparılır.

Qeyd edək ki,   uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Odur ki, əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Həmin tədbirlərin davamı olaraq 2018-ci il oktyabrın 9-da Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti