“Şərq qapısı” təqdim edir: Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

2022-04-29 / 12:07:57

Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

   Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.    

             

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir. Milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova “ Akademik Zərifə xanım Əliyeva fədakar insan, əsl Azərbaycan qadını kimi”, Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova “Zərifə xanım Əliyeva insanlara nur bəxş edən ləyaqət simvolu kimi”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Göz xəstəlikləri şöbəsinin bölmə müdiri Kəmalə Əliyeva ““Zərifə xanım Əliyevanın ictimai fəaliyyəti və Azərbaycan səhiyyəsinə verdiyi töhfələr” mövzusunda məruzələr ediblər.

 Çıxışlarda bildirilib ki, ömrünü tibb elminə həsr edən görkəmli alim Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb. Zərifə xanımın vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunub. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Tədbirdə vurğulanıb ki, akademik Zərifə Əliyevanın çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini alıb. O, bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapıb. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir.

Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Naxçıvan  Qızlar Liseyinin  şagirdləri tərəfindən görkəmli alimə həsr olunmuş şeirlər bədii qiraət ediliblər.                

Sonda tədbir iştirakçıları akademik Zərifə Əliyevaya həsr olunmuş sənədli filmə baxıblar.

“Şərq qapısi” qəzeti, 29 aprel 2022