Aşura günü Naxçıvanda qanvermə aksiyaları keçirilib

2018-09-20 / 18:13:02

       Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 10-u bəzi tarixi səbəblərlə bağlı olaraq müsəlmanların bir qismi tərəfindən matəm günü kimi qeyd edilir. Bəzi qatı dindarlar bu gündə özlərinə xətər yetirməyi, bədənlərindən qan çıxarmağı mənəvi borc hesab edirlər.
       Halbuki bu günün xüsusi özəlliklərindən biri də köməksizə arxa olmaq, yardım etməkdir. Bu baxımdan artıq bir neçə ildir ki, ölkə­mizdə Aşura günü qanvermə aksiyalarının keçirilməsi təqdirəlayiq haldır. Bu yolla həm dindarların bədənindən qan çıxarmaq arzusu sivil qaydada reallaşır, həm də dindarlar verdikləri qanla qana ehtiyacı olan xəstələrin həyatını xilas edir, savab qazanırlar.
Son bir neçə ildə olduğu kimi, bu il də həm Naxçıvan şəhərində, həm də ayrı-ayrı rayonlarda Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilmişdir.
          Sentyabrın 20-də keçirilən Aşura mərasimlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasının 15 nəfərlik heyəti Naxçıvan şəhərindəki Heydər məscidində 100 nəfərdən 50, Diaqnostika-Müalicə Mərkəzinin 4 nəfərlik heyəti Pirqəmiş məscidində 76 nəfərdən 38 litr, Doğum Mərkəzinin 6 nəfərlik heyəti Came məscidində 100 nəfərdən 50 litr qan götürmüşdür. Rayonlarda isə qanvermə aksiyaları zamanı Sədərək kənd, Şərur şəhər, Zeyvə, Şəhriyar, Qarabağlar, Xok kənd, Qıvraq qəsəbə məscidlərində, Şahbuz, Ordubad, Babək rayon mərkəzi xəstəxanalarında, Nehrəm və Cəhri kənd sahə xəstəxanalarında, Qahab, Zeynəddin kənd həkim ambulatoriyalarında, Culfa şəhər, Bənəniyar kənd məscidində dindarlar sivil qaydada, könüllü olaraq qan vermişlər. Günorta saatlarınadək Şərur rayonunda 120 nəfərdən 60,Babək rayonunda 95 nəfərdən 47,5, Şahbuz rayonunda 58 nəfərdən 29, Kəngərli rayonunda 78 nəfərdən 39, Culfa rayonunda 64 nəfərdən 32, Ordubad rayonunda 38 nəfərdən 29, Sədərək rayonunda 25 nəfərdən 12,5, bütövlükdə, muxtar respublika üzrə 754 nəfərdən 377 litr qan tədarük olunmuşdur. Donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək birli və ikili paketlərdə qan bankına təhvil verilmişdir. Götürülən qan hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə analizdən keçirildikdən sonra qan bankında saxlanılacaqdır. Beləliklə, Aşura günündə xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılmışdır. Tələbatdan artıq tədarük olunan qan və qandan hazırlanmış preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunacaq.

               Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti