Şərur rayonunda reproduktiv sağlamlıq və ailə dəyərləri mövzusunda tədbir keçirilib

2022-03-01 / 11:33:02

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şərur rayonunun Çərçiboğan kəndində reproduktiv sağlamlıq və ailə dəyərləri mövzusunda tədbir keçirilib.

Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova açıb.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanılması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Həmçinin qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi üçün ailə planlaşdırılması məsələsinə xüsusi diqqət yetirilməsi, erkən nikahların fəsadları, sağlam uşaqların doğulması üçün qadınların hamiləlik dövründə müvafiq analizlərdən keçirilməsi, nikahdan əvvəl irsi qan xəstəliklərinin, virusların yoxlanılmasının vacibliyi, bu sahə ilə bağlı qanunvericiliyin müvafiq tələbləri diqqətə çatdırılıb.

“Uşaqların məhdud sağlam doğulmasına səbəb olan əsas amillər” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edib. O, reproduktiv sağlamlıq, doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları, psixi pozğunluqlar və davranış pozğunluqlarının yaranması səbəbləri barədə slayd vasitəsilə ətraflı məlumat verib.

Görüşdə tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici bukletlər paylanılıb.