“Şərq qapısı” təqdim edir: Tibbi aksiyalar uğurla həyata keçirilib

2022-01-18 / 14:54:30

Muxtar respublikada yaradılan müasirsəhiyyə infrastrukturu, professional tibbi heyət sosial siyasət çərçivəsində humanitar tibbi aksiyaların da həyata keçirilməsinə geniş imkanlar açıb. Belə ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti tərəfindən yanvarın 12-dən Naxçıvan Diaqnostika Müalicə Mərkəzində start götürən humanitar tibbi aksiya başa çatıb. 3 günlük humanitar aksiya çərçivəsində 14 nəfərlik yüksəkixtisaslı heyət yerli tibbi kadrlarla birlikdə muxtar respublika sakinlərinə, o cümlədən şəhid ailələrinə və qazilərə təmənnasız tibbi xidmət göstərib.Aksiya çərçivəsində 1724 nəfərdə 3 min 218 müayinə aparılıb. 82 nəfər cərrahiyyə əməliyyatına cəlb olunub. Muxtar respublikada şəhid və aztəminatlı ailələrin, Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanası onlara ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir. Yanvarın 14-də keçirilən növbəti aksiyanın ünvanı Ordubad rayonu olub. Rayon Mərkəzi  

Xəstəxanasında keçirilən aksiyada 44 uşaq dini qaydalarımıza görə əməliyyat edilib. Şəhid ailəsindən olan 2 nəfər fizioterapiya müayinəsi, 3 nəfər isə MRT və digər müayinələr üçün stasionara dəvət edilib. Qeyd edək ki, 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Xəstəxanasının 2021-ci ildə yaradılmış həkim briqadaları 23 aksiya çərçivəsində 1277 nəfəri hərtərəfli tibbi müayinələrdən keçirmiş, təyinat və məsləhətlər verilmişdir. Bu müayinələrdə 77 şəhid ailəsinin 259 nəfər ailə üzvü, 207 evdə baxıma ehtiyacı olan, 58 Qarabağ müharibəsi qazisi, Ordubad şəhərindəki M.Füzuli adına tam orta internat məktəbində 92 uşaq, 1 Çernobıl iştirakçısı, 845 digər müayinəyə ehtiyacı olan şəxslər keçirilmiş, təyinat və məsləhətlər verilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstərilən səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da ilboyu davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.01.2022 17:35