Mərkəzi Qan Bankında treninq keçirilib

2018-09-18 / 16:32:56

     Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyalarında, o cümlədən qarşıdan gələn Aşura günü keçiriləcək qanvermə aksiyasında qanın itkisiz götürilməsi və Mərkəzi Qan Bankına göndərilməsinin təşkilinə dair treninq keçirilib. Mərkəzi Qan Bankının müdiri Məmmədəli Həsənov bildirib ki, xeyirxahlıq etmək, əli dünyadan üzülməkdə olanların dadına yetmək, damarlarında axan qanı başqasına bağışlamaq, ömürlərə ömür calamaq, ətrafındakıları qayğı və nigarançılıqdan xilas etmək çox alicənab və şərəfli işdir. Donor olmaq, ümidsiz vəziyyətdə olan xəstənin qəlbində ümid işığı yandırmaq, qana ehtiyacı olanların damarlarında döyünmək isə ikiqat şərəflidir. Aşura günündə keçiriləcək qanvermə aksiyaları da məhz bu savab əmələ xidmət edir.Həmin gün dindarlar könüllü olaraq qan verməklə irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin dadına çatırlar. Qarşıdan gələn növbəti Aşura günündə də muxtar respublikanın bir sıra şəhər və kənd məscidlərində qanvermə aksiyalarının keçirilməsi nəzərdə tutulub. Bu aksiyaların mütəşəkkil keçirilməsi, tədarük edilən qanın qaydalara uyğun göndərilməsi üçün həkim və orta tibb işçiləri müəyyən hazırlığa, tibbi proseslərin lazımi qaydada həyata keçirilməsinə nail olmalıdırlar.

     Sonra tibb işçiləri üçün keçirilən treninqdə qanın götürülməsi, müxtəlif ölçülü paketlərə yığılması, bağlanması, saxlanılması və müvafiq ünvana göndərilməsi qaydaları əməli şəkildə izah edilib. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

     Tədbirdə həmçinin Mərkəzi Qan Bankı haqqında da məlumat verilib. Bildirilib ki, ötən ilin avqust ayında fəaliyyətə başlayan yeni qurumun vəzifəsi struktur bölmələrində transfuzioloji yardımın vəziyyətinə nəzarət və rəhbərlik, müalicə-profilaktika müəssisəsində xəstələrə transfuzioloji yardımın təşkil edilməsindən və həyata keçirilməsindən ibarətdir. O, müalicə-profilaktika müəssisəsini qan, qan komponentləri və preparatları, qanəvəzedicilərlə, donor və xəstələrin qanlarının tipləşdirilməsi üçün reagentlərlə təmin edilməsi, donorların komplektləşdirilməsi, uçotu və tibbi müayinədən keçirilməsi, müəssisənin müalicə həkimləri ilə birlikdə xəstə qohumlarının, dostlarının və tanışlarının donorluğa cəlb edilməsi, donorlar haqqında məlumatın vahid donor registrinə təqdim edilməsi və digər funksiyaları yerinə yetirir. Bu məqsədlə qan bankı lazımi tibbi avadanlıq, qan torbaları və qanı yoxlamaq üçün reaktivlərlə təmin edilib.

                                                                                                                                     Naxçıvan Muxtar Respublikası

                                                                                                                                     Səhiyyə Nazirliyinin mətbuat xidməti