Kəngərli Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya

2021-06-14 / 17:04:56

 Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.


            Milli Qurtuluş Gününə həsr olunan
 növbəti aksiya 36 nəfərdən ibarət  tibbi heyətin iştirakı ilə Kəngərli
 Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilib. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq pasiyentlərin siyahısı hazırlanaraq  xəstəxanaya  dəvət olunublar. Naxçıvan Muxtar Respublika Xəstəxanası həkim briqadasının üzvü, qəbul şöbəsinin müdiri Ramidə Bağırova bildirib ki, belə tibbi aksiyalarda daşına bilən USM, EKQ, portativ rentgen aparatları, laboratoriya, digər səyyari avadanlıq və cihazlar diaqnozun dəqiqləşdirilməsinə imkan yaradır. Əgər bu dəqiqləşdirmələr yerlərdə mümkün deyilsə, pasiyent Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunaraq stasionar müalicəyə alınır. Eyni zamanda burada reablitasiyaları təşkil olunur.

Ramidə həkim onu da bildirib ki, son 3-4 il ərzində aparılan tibbi müayinələrin  sağlamlıq kartlarında qeydiyyatı aparılır.Növbəti müayinələrdə həmin kartlar xəstənin səhhəti barədə dolğun məlumat almağa şərait yaradır

Axşam saatlarınadək davam edən tibbi aksiyada 259 nəfər mindən çox  tibbi prosedurdan keçirilib. Gün ərzində laborator təhlillər, rentgen, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib.  Müayinələrin aparılmasında stomatoloq, rentgenoloq, kardioloq, endokrinoloq, oftalmoloq, nevropatoloq, fizioterapiya, USM aparatı, laborant və dgər ixtisas həkimləri  iştirak ediblər.

Aksiya zamanı qazi Elvin Əlizadənin 2 övladı sünnət edilib. Bütövlükdə isə 35 nəfər cərrahiyə xidmətindən yararlanıb.

Tədbirdə səhiyyə maarifi işi də aparılıb. Vətəndaşların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə birgə fəaliyyətin zəruriliyi qeyd edilib.


                                                                Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti