Naxçıvanda 14 iyun Beynəlxalq Donor Günü könüllü qanvermə aksiyası ilə qeyd olunub.

2019-06-14 / 16:44:59

  Naxçıvan Muxtar Respublika Xəstəxanasında 14 iyun Beynəlxalq Donor Gününə həsr olunmuş  qanvermə aksiyası keçirilib.

 

 

  Xəstəxananın baş həkimi Zəbur Bağırov bildirib ki, 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb.

   Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir. Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir.

 

 

  Qeyd olunub ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların (ürək, böyrək, mədə-bağırsaq, qara ciyər və s.) müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Xalqımızın donorluğa göstərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizmi, həmrəyliyi bu işin təşkilinə böyük kömək edir.

   Baş həkim onu da bildirib ki, hazır­da Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematoloji şöbəsində Qan bankının, Hematransfuzioloji briqadanın fəaliyyətə başlaması qan köçürülməsinə ehtyacı olan xəstələrin- o cümlədən hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib.  Muxtar respublikada son dövrlərdə qan donorlarının sayı iki dəfədən çox artıb. Qan komponentlərinin də miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Əhalinin bu işə aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi qan bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin uzun müddət saxlanılması üçün dondurucu və soyuducu avadanlıqlar mövcuddur. Bu isə qanı 42 günə qədər, plazmanı isə 1 ilə qədər saxlamağa imkan verir.

  Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu üzrə Komissiyasının  işçilərindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb. Əvvəlcə donorlar arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinədən keçirilib.

 

 

   Qanvermə aksiyaında iştirak edən Dövlət Qulluğu üzrə Komissiyasının böyük məsləhətçisi Zaman Bağırov bildirib ki, başqalarının yaşaması üçün imkanımız daxilində olanı, əlimizdən gələni etmək həyatda ən vacib və gərəkli əməllərdən biridir. İnsan ən böyük məmnunluq hissini öz qanının kiminsə damarında vurmağında, qan verməklə hansısa xəstənin yaşamasına dayaq durmaqda tapır. O xəstə özümüz də, doğmalarımız da ola bilərik. Həyatda heç kəs bu zərurətdən sığortalanmayıb. Odur ki, hər kəs ailə üzvlərindən tutmuş yaxın və doğmaları arasında donor mədəniyyətini formalaşdırmağa çalışmalıdır. Mən özüm bu il ikinci dəfədir ki, könüllü olaraq qan verirəm və sağlamlığı imkan verən hər kəsi bu nəcib işə çağırıram.

   Bir neçə saat davam edən könüllü qanvermə aksiyasında 13 donordan götürülən 6,5 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Qan bankına təhvil verilib.

    Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti