Nevrologiyanın aktual problemlərinə aid elmi-praktik konfrans

2019-06-14 / 15:52:05

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyi, Azərbaycan Tibb Universiteti, Azərbaycan nevroloqlar və tibbi genetiklər assosasiyasının təşkilatçılığı ilə  Naxçıvan Dövlət Universitetində “Nevrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

 

   Muxtar respublikada epileptoloji xidmətin səviyyəsini yüksəltmək məqsədilə         təşkil         olunan tədbiri giriş sözü ilə Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının  müdiri, Əməkdar elm xadimi, əməkdar həkim, professor Şərif Mahalov açaraq ölkəmizdə səhiyyənin,o cümlədən tibbin sinir sistemi xəstəlikləri ilə məşğul olan nevrologiyanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, mərkəzi və periferik sinir sistemi xəstəlikləri haqqında elmin bir sahəsi olan nevrologiya bu xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur.

 

 

  Professor Şərif Mahalov ölkəmizdə epileptoloji xidmətin vəziyyəti və onun optimallaşdırılması barədə məlumat verib.

  Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitunun kliniki neyrofiziologiya laboratoriyasının rəhbəri, professor Sədaqət Hüseynova “Postinsult koqnitiv pozulmaların müalicəsində müasir yanaşma”, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrasının  professoru A.Məmmədbəyli ”Neonatal qıcolmalar”, kafedranın  dosenti Nailə Abbasova “Uşaqlarda psixonevroloji pozumlalar və baş beyin epileptiform fəaliyyəti”, tibb üzrə fəlsəfə doktoru Şəhla Məlikova “”Epilepsiya və hamiləlik”, kafedranın doktorantı  Mədinə Tağıyeva “”Uşaq serebral iflici və epilepsiya”, tibb üzrə fəlsəfə doktoru assisent Ülviyyə Bədəlova “Beyinin xroniki işemiyası” mövzularında məruzələr ediblər.

 

 

   Fasilədən sonra konfrans işini davam etdirib. Tədbir iştirakçıları tibb üzrə fəlsəfə doktoru Nüsrət Həsənovun “Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda epilepsiyanın klinik-epidemioloji xarakteristikası”, Tibb Universiteti Nevrologiya kafedrasının  doktorantı Sona Əliyevanın “Uşaqlarda epilepsiya ilə depressiyanın komorbidiliyi” və digər mövzularda çıxışlar dinləyiblər.

   Mütəxəssislər  xəstəliyin          risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat veriblər. Bildirib ki, hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan sinir sistemi xəstəlikləri ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Bu xəstəliyin artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Odur ki, bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən         aktual məsələlərindən biridir. 

  Muxtar respublikanın tibb müəssisələrində çalışan nevropatoloq, psixiatr, pediatr, neonatoloq, terapevt,  rezident və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin iştirak etdiyi konfransda müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

     Axırda tədbir iştirakçılarına yeddi ballıq kredit sistemi ilə setifikatlar təqdim olundu.

 

       Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti