Əhalinin sağlamlığının qorunması üçün qüvvə və bacarığımızı əsirgəməyəcəyik

2019-06-11 / 16:31:18

  Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 illiyinin qeyd edildiyi bu günlərdə kollektiv daha bir şad xəbərin yaratdığı əhval-ruhiyyə içərisindədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 10 iyun 2019-cu il tarixli Sərəncamı ilə  Duzdağ Fizioterapiya Mərkəzi publik hüquqi şəxsin işçilərinin vəzifə maaşları bu il iyunun 1-dən  10 faiz artırılıb. Xoş xəbərin kollektivə çatdırıldığı gün mən də onların yanında oldum, sevincli anları birgə yaşadıq. Bəri başdan bildirim ki, kollektivin hər bir üzvü bunu səhiyyə işçilərinə göstərilən dövlət qayğısının parlaq ifadəsi kimi dəyərləndirir və belə tədbirlərin xəstələrin müayinə və müalicəsində yeni mərhələ açmaqla yanaşı, həm də ağxalatlı peşə sahiblərinin rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirirlər. Razılıq hissi ilə vurğulayırlar ki, bütövlükdə səhiyyə sistemində olduğu kimi, son illər bu müəssisədə də       tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, uğurlu islahatların ardıcıl xarakter alması ona görə mümkün olur ki, aparılan siyasətiin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır.  Muxtar respublikada da bu yolun sədaqətlə davam etdirilməsi əhalinin sağlamlığının qorunması, tibbi xidmət səviyyəsinin yüksədilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

  Elə mərkəzin baş həkimi Heyran Qazıbəyova da adıçəkilən sərəncamdan böyük məmnuniyyət hissi ilə söz açaraq əmək haqqı artımının ştatda dayanan 43 nəfərə şamil onunduğunu bildirir. Qeyd edir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə bu günlərdə Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə müəssisənin bir qrup işçisi “Əməkdar həkim”, “Əməkdar tibb işçisi” fəxri adları,  “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”  və “Rəşadətli əməyə görə” nişanları ilə təltif ediliblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar “Duzdağ” otelində elmi konfrans keçirilib. İl ərzində digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulub.

  Kollektivin üzvləri ilə söhbət zamanı onların hər biri Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin qeyd olunduğu günlərdə əməkhaqqı artımının da iki qat bayram sevinci yaratdığını bildirdilər. Mərkəzin allerqoloq-pulmonoloqu Nizami Şaxtaxtinskinin dedikləri:

-- Mən ali məktəbi bitirdikdən sonra taleyimi bu müəssisə ilə bağlamışam. Belə ki, Duzdağ şəfa ocağı kimi fəaliyyət göstərəndən burada işləyirəm və bu il əmək fəaliyyətimin 40 ili tamam olur. Odur ki,  “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi mənim üçün ikiqat bayramdır.

  İnsan kiminsə dadına çatanda, onu dünyada ən dəyərli nemət olan cansağlığına qovuşduranda özünü xöşbəxt hiss edir. Bu mənada mən də xöşbəxtəm. Çünki bu şəfa ocağı fəaliyyət göstərdiyi illərdə minlərlə xəstənin sağlamlığa qovuşmasında mənim də əməyim olub. Yaxın və uzaq ölkələrdən gəlib burada müalicə alan yüzlərlə pasiyentlə xəstə-həkim münasibətimiz bu gün dostluğa çevrilib. Bu münasibət isə hər il Duzdağa gələnlərin sayının artmasına imkan verir.

  O yerdə yaşamaq, işləmək xoşdur ki, əməyinə qiymət verilir, insan amili uca tutulur. İnsan unudulmadığını biləndə, çəkdiyi zəhmətin hədər getmədiyini,əksinə, qiymətləndirildiyini görəndə yaşamaq və yaratmaq eşqi də güclənir. May ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Əməkdar həkim” fəxri adının döş nişanı və vəsiqəsini mənə təqdim etdiyi anlarda mən həyatımın ən xoş günlərini yaşadım. Üstəlik bu gün əməkhaqımda edilən artım ailə büdcəmdə əhəmiyyətli rol oynayacaqdır. Belə ki, maaşımın 522 manata çatdırılması arzularımın gerçəkləşdirilməsində mühüm rol oynayacaqdır.

  Təltif olunanlardan Darçın Eyvazova, Leyla Vəliyeva, eləcə də növbə tibb bacıları Ruhiyyə Qəribova, Tahirə Ələkbərova, laborant Zülfiyyə Qurbanova və başqaları da  Ali Məclis Sədrinə səhiyyə işçiləri adından dərin minnətdarlıqlarını bildirdilər və əmin etdilər ki, bu qayğı müqabilində əhalimizin sağlamlığı keşiyində fəaliyyətlərini daha da artıracaq, qarşıya qoyulan vəzifələrin, tövsiyyə və tapşırıqların icrası üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti