Minnətdarlıq məktubları

2019-06-11 / 10:18:46

  Mən 45 il Məhəmməd Füzuli adına Ordubad şəhər internat məktəbində gənc nəslin təlimtərbiyəsi ilə məşğul olmuşam. 2018-ci ildən təqaüdə çıxmışam. Tale elə gətirdi ki, xəstələndim. Naxçıvan şəhərindəki Diaqnostika Müalicə Mərkəzinə üz tutdum. Həkimlər böyrəklərimin müalicəsi üçün hemodializ aparatına qoşulmağımı məsləhət gördülər. Qeyd edim ki, əvvəllər xroniki böyrək çatışmazlığı olan xəstələr muxtar respublikada hemodializ aparatlarının məhdudiyyəti üzündən paytaxt şəhərimiz Bakıya, qonşu ölkələrə getməyə məcbur olurdular. Dövlətimizin insan sağlamlığına qayğısı, səhiyyənin inkişafına daim diqqət göstərilməsi nəticəsində hazırda muxtar respublikanın səhiyyə müəssisələrində 34 müasir hemodializ aparatı fəaliyyət göstərir. Onlardan da 10 ədədi Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin payına düşüb. Mərkəzin həkimləri Mustafa Əliyev və Ələsgər Qasımov mənim sağalmağım üçün səy və bacarıqlarını əsirgəmədilər. Onlar həssas, insanların dərdinə şərik olan bir mütəxəssis kimi qəlbimə yol tapdılar. Müalicə aldığım müddətdə həkimlərin digər xəstələrə də belə münasibət bəslədiklərini görürdüm. Və düşünürdüm ki, bu gün Naxçıvanımızda Hippokrat andına sadiq qalan belə həkimlərimiz çoxdur. Tibb bacılarından Xuraman Cabbarova, Saimə Həsənova, Gülzar Ağayeva və başqaları da burada müalicə olunan xəstələrə qayğı ilə yanaşırlar. Artıq özümü çox sağlam və gümrah hiss edirəm, öz ailəmin yanındayam. Mənə belə sağlam həyat bəxş edən Diaqnostika Müalicə Mərkəzinin Hemodializ şöbəsinin həkimlərinə, tibb bacılarına cansağlığı, uzun ömür, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayıram.

                                          Yusif Məmmədov

                                           təqaüdçü-müəllim

                                           Ordubad şəhəri

                                         “Şərq qapısı” qəzeti, 8 İyun 2019

 

  Gözlərimiz Günəşin aydınlatdığı bu dünyaya açılan pəncərə, dünyaya gəldiyimiz gündən köçəcəyimiz günə kimi bizim yolyoldaşımızdır. Onların köməyi ilə dünyanın gözəlliklərini doyunca seyr edir, həyatdan zövq alırıq. Yaşımız ötdükcə, məşğul olduğumuz iş və ya başqa səbəblərdən bəzən gözümüzün nuru azalır, müxtəlif xəstəliklərə düçar olur. Bir neçə ay idi ki, gözlərimdə qızartı və şişkinlik, zəifləmə hiss edirdim. Müalicə üçün həkimə müraciət edəndə öyrəndim ki, gözüm əməliyyat olunmasa, müəyyən bir vaxtdan sonra görmə qabiliyyətimi ömürlük itirə bilərəm. Bu xəbər məni də, yaxınlarımı da çox məyus etdi. Evə gəlib bu əməliyyatı harada keçirəcəyim barədə məsləhətləşdik. Amma bir qərara gələ bilmədik. Bir neçə gün sonra Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadasının muxtar respublikamıza dəvət olunması barədə xəbər aldım. Mən də müayinə və müalicə üçün müraciət edib təmənnasız əməliyyat olundum. Onu da deyim ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş aksiyada 15 nəfər göz əməliyyatı nəticəsində sağlamlığına qovuşdu. Bunun necə böyük savab iş olduğunu dünya işığından ömürlük məhrum olmaq kimi dəhşətli bir təhlükə ilə üz-üzə qalanlar daha yaxşı anlayar. Allah bu savab yiyələrinin gözlərinə nur, qollarına qüvvət versin! Mən müayinə və müalicəyə cəlb olunan insanlar adından göstərilən təmənnasız tibbi xidmətə görə dövlətimizə minnətdarlığımı bildirirəm.

 

Əbülfəz Babayev

Babək rayonu,Şıxmahmud kəndi

“Şərq qapısı”qəzeti, 8 İyun 2019